Alıb, yeyib, gəziblər…backend

Alıb, yeyib, gəziblər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Əksər məmur aylıq məvacibləri ilə yaşamayıblar
 
“Vəzifəyə yeni qoyulan insanlar başa düşəcək ki, daha əvvəlki kimi korrupsiyada rüşvətxorluq hallarına yol vermək mümkün deyil. Bu, ciddi şəkildə cəzalandırılır”
 
 
Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru Zeynalov Mübariz Ağakərim oğlunun saxlanılmasının görüntüləri yayılıb. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatın görüntüləri əks olunan videodakı kadrlarda M.Zeynalovun 1000 manatı rüşvət qismində alması aydın  görünür. 
 
Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata əsasən, müəyyən edilib ki, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qusar  Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxs (PHŞ)-in direktoru Zeynalov Mübariz Ağakərim oğlu həmin tibb müəssisəsinin həkim-stomatoloqunun xidməti istifadəsinə veriləcək stomatoloji qurğunun adının xəstəxana tərəfindən büdcə vəsaiti hesabına alınacaq avadanlıqların siyahısına salınmaqla ona təqdim edilməsi müqabilində sonuncudan rüşvət qismində istədiyi 2000 manat pul vəsaitinin 1000 manatını alıb. Mübariz Zeynalov tələb etdiyi rüşvətin qalan 1000 manat məbləğini 19.10.2021-ci il tarixində keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə xəstəxanadakı xidməti otağında rüşvət qismində alarkən cinayət başında yaxalanıb. M.Zeynalov şübhəli şəxs qismində saxlanılıb. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
 
Ölkədəki məmur özbaşınalıqlarını “Şərq”ə dəyərləndirən millət vəkili Razi Nurullayev bildirib ki, cəmiyyətdə uzun müddət oturuşmuş ənənələrdən doğan səbəblər var:
 
“Həqiqətən də məmurlar uzun müddət kiçik, yaxud da böyük məbləğdə rüşvət alıblar. Bu və ya digər şəkildə də rüşvət müqabilində lazım olan işi yerinə yetiriblər. Hərçənd ki, bu, onların vəzifə, iş borcu olaraq həyata keçirilə bilərdi. İllərlə korrupsiya ilə məşğul olan şəxslərdə bu halların baş verməsi varlanma, şəxsi problemlərini tez həll etmə anlamı kimi qəbul edilib. Vəzifədə olan şəxslər uzun müddət əmək haqqısız yaşamayıb. Aylıq məvacib ilə yaşamaq onlar üçün Sibirə kater (sürgün) göndərmək kimi bir şeydir. Çünki məmurlar əmək haqqına söykənmədən, müxtəlif yollarla korrupsiyaya bulaşaraq, maaşa ehtiyac duymadan istədikləri şəkildə yaşayıb, alıb, yeyib, gəziblər. Amma bu gün onların əmək haqqına möhtac olması həyatlarında böyük bir uçurum yaradıb. Ona görə də dövlət funksionerləri köhnə ənənə metodları ilə yenidən korrupsiya hallarına yol verməyə çalışırlar. Başqa bir səbəb isə onların bu cür görüb, yaşamasıdır. Əməllərindən əl çəkə bilmirlər. Əmək haqqı ilə yaşamaq çətin məsələdir”.
 
Millət vəkili həmçinin əlavə edib ki, məmurlar başa düşməlidir ki, neçə milyon Azərbaycan xalqı əmək haqqına işləyir:
“Aylıq məvacib ilə yaşamaq çətin məsələdir. 100-200 AZN-ə işləyən insanların illərlə ailəyə pul gətirməyə, xəstəliklərini müalicə etdirməyə, ev üçün yeni çıxan texniki avadanlıqları əldə etməyə imkanları yoxdur. Övladlarını istədikləri şəkildə təhsilə yönəldə bilmirlər. Korrupsionerlər isə qeyri- şəffaf yollarla bunlara çox asan şəkildə nail ola biliblər. Yəqin ki, bu hallar bir müddət davam etdikdən sonra vəzifəyə yeni qoyulan insanlar başa düşəcək ki, daha əvvəlki kimi korrupsiyada rüşvətxorluq hallarına yol vermək mümkün deyil. Bu, ciddi şəkildə cəzalandırılır”.