Alışqanla edilən “təmizlik” 740 000 manata başa gəldi.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Aşağı Novqorod şəhərindəki istehsalat sahələrindən birində qeyri-adi və bahalı faciə yaşanıb. İşçi yeni mikroavtobusun salonunda əyləşərkən təhlükəsizlik kəmərindəki çıxmış ipi alışqanla yandırmaq qərarına gəlib.
Kəmərin materialı dərhal alışaraq əriməyə başlayıb və yanan hissəciklərin oturacağın üzərinə düşməsi nəticəsində mikroavtobusun salonunu alov bürüyüb. Qorxuya düşən işçi dərhal yanar nəqliyyat vasitəsindən qaçsa da, artıq gec olub – alov tez bir zamanda anqarın divarlarına keçib və orada saxlanılan digər avtomobillərə, eləcə də avadanlıqlara zərər vurub.
Hadisə nəticəsində müəssisəyə dəyən ümumi zərər 40 milyon rubl (təxminən 740 000 manat) təşkil edib. Ehtiyatsız işçinin artıq 11 milyon rubl (təxminən 203 500 manat) təzminat ödədiyi bildirilir.

Xuraman Etibarlı
İnterpress.az






