Almaniya tezliklə Ukraynaya özüyeriyən haubitsalar göndərəcəkbackend

Almaniya tezliklə Ukraynaya özüyeriyən haubitsalar göndərəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynalı hərbçilərin Almaniya istehsalı özüyeriyən haubitsalarla bağlı təlimləri tezliklə başa çatacaq.

İnterpress.az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Kristine Lambrext jurnalistlərə açıqlamasında bildirib.

O, qeyd edib ki, təlimlər başa çatdıqdan sonra ilk haubitsaların Ukraynaya göndərilməsinə başlanılacaq.

“Panzerhaubitze 2000” təlimləri tezliklə başa çatacaq və beləliklə o, Ukraynadakı döyüşlərdə istifadə ediləcək”, – nazir jurnalistlərə açıqlamasında bildirib.

Lambrext əlavə edib ki, təhlükəsizlik səbəbilə nə tədarükün vaxtı, nə də rotası ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

“Panzerhaubitze 2000” özüyeriyən haubitsaları Almaniya ordusunun arsenalındakı ən güclü artilleriya sistemlərindən biridir və o, 40 kilometr məsafədəki hədəflərə zərbə endirə bilir.

Almaniya may ayında Kiyevə 7 özüyeriyən haubitsa göndərməyi vəd edib. Niderland da əlavə 5 belə sistemi göndərəcəyi sözünü verib.

Bununla belə, rəsmi Kiyev müharibənin indiki aşındırma mərhələsində Almaniyanı Ukraynaya ağır silahların göndərilməsi üçün lazım olan vaxtı uzatmaqda ittiham edib.

Kiyev Rusiyanın məğlub edilməsi üçün digər silahlarla yanaşı 1000 haubitsa, 500 tank və 1000 drona ehtiyacı olduğunu açıqlayıb.