Almaniyada aparılan araşdırmalara görə, əhalinin beşdə biri sağçı populist fikirdədir.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Hohenheim Universitetinin araşdırmasına görə, sorğuda iştirak edən hər dörd nəfərdən biri siyasətin gizli qüvvələr tərəfindən idarə olunduğunu düşünür və hər beş nəfərdən biri kütləvi informasiya vasitələrinin sistematik olaraq yalan danışdığını düşünür.
Araşdırmanın nəticələrini açıqlayan kommunikasiya üzrə alim Frank Bretşnayder bildirib ki, respondentlərin təxminən beşdə biri sağçı populist dünyagörüşünə malikdir.
İştirakçıların fikirlərini təfərrüatlandıran Bretşnayder bildirib ki, respondentlərin 16 faizi ölkənin indi demokratiyadan çox diktaturaya bənzədiyi fikri ilə razılaşır.
4024 nəfərin iştirakı ilə keçirilən sorğu həmçinin 2022-2023-cü illərdə federal hökumətə inamın digər qurumlarla müqayisədə daha çox azaldığını ortaya qoyub.