Azərbaycan diasporu müharibədən üzüağ çıxdı – DEPUTATLARbackend

Azərbaycan diasporu müharibədən üzüağ çıxdı – DEPUTATLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu ilə bərabər, dünyanın müxtəlif ölkələrindəki həmvətənlərimiz də birlik nümayiş etdirdilər. Ordumuz Azərbaycanın işğal olunmuş ərazilərində düşmənin canlı səddini yardı, bundan ruhlanan xaricdəki diasporumuz da ermənilərin dezinformasiya mühasirəsini dağıtdı və həqiqətləri dünyaya yaydı.

Bu işdə xaricdəki soydaşlarımıza təbii ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi mühüm rol oynadı.

Yeri gəlmişkən, qarşıdakı 5 iyul tarixi Azərbaycan diasporu üçün önəmli günlərdən biridir. 2002-ci ilin 5 iyulunda Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında fərman imzalanıb.

İndi diasporla iş sahəsində dövlət siyasətinin Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi həyata keçirir.

Vətən müharibəsindən söz düşmüşkən, Azərbaycan diasporunun həmin dövrdə və sonrakı fəaliyyətini necə qiymətləndirmək olar?

Milli Məclisin deputatı Fatma Yıldırım bildirib ki, diasporumuz müharibə dövründə bizim birliyimizi bir daha dünyaya göstərdi:

“Azərbaycan diasporunun gündən-günə inkşaf etməsi bizi də sevindirir. Çünki biz başa düşdük ki, güc birlikdədir. Baxmayaraq ki, erməni diasporu uzun illərdir fəaliyyət göstərir, buna qarşı olaraq haqq səsimizi dünyaya çatdırmaq üçün bizim xaricdə yaşayan soydaşlarımız fəal işlər gördülər. Müharibə bizim birliyimizi bir daha dünyaya göstərdi. Dünyanın ən nüfuzlu ölkələrində mitinqlər, parlament səviyyəsində müraciətlər olundu. Biz bununla səsimizi çatdırmağa çalışdıq, düşünürəm ki, bunu bacara bildik. Eyni zamanda informasiya müharibəsində də Azərbaycan diasporu mütəşəkkil şəkildə mübarizə apardı. Bu istiqamətdə diasporun fəaliyyətini yüksək qiymətləndirmək olar.

Bu gün artıq reallıq dəyişib.  Artıq Azərbaycan öz sözünü deyən bir ölkədir. Bunu 44 günlük müharibə dövründə də göstərdik. Təbii ki,  bu qələbəni şərtləndirən çox vacib amillər olub. Zəfərin qazanılmasında əsas faktorlardan biri Azərbaycanın xalqının təşkilatlanmağı idi.

Hazırda dünyanın bir çox ölkələrində erməni lobbisi çox mütəşəkkil fəaliyyət göstərir. Baxmayarıq ki, müharibə qurtarıb, hesab edə bilərik ki, hələ də informasiya müharibəsi davam edir. Bu istiqamətdə də iyunun 30-da Qarabağ Dirçəliş Fondunun “Karabakh.Center” layihəsi təqdim olundu.  Bununla hesab etmək olar ki, çox böyük işlər görülüb. Burda 10 mindən çox foto, Azərbaycan- Ermənistan münaqişəsinin tarixini əks etdirən materiallar öz yerini alıb. Bizim soydaşlarımız artıq xaricdə bu saytı təbliğ edərək, dünya ictimaiyyətinə erməni vəhşiliklərini göstərməlidir. Bundan sonra da mübarizə davam etməlidir. Ona görə də, bütün diaspor təşkilatlarımız səfərbər olmalıdır ki, haqq səsimiz dünyaya çatdırılsın”.

 

Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki,  Azərbaycanın dünyada tanıdılması, səsinin eşidilməsi kimi milli vəzifə diasporumuzun üzərinə düşür və xaricdəki soydaşlarımız hazırda bunu layiqincə yerinə yetirə bilirlər:

“Hazırda beynəlxalq münasibətlərdə hər bir xalqın diasporu həm mənsub olduğu dövlətin mədəni-siyasi prosesləri haqqında dünyaya məlumat verir, həm də təşkilatlanaraq tarixi həqiqətləri dünyaya çatdırır. Sevindirici haldır ki, Azərbaycan diasporunun düzgün təşkilatlanması nəticəsində 44 günlük Vətən müharibəsində həqiqətlər dünyaya çatdırıldı. Bununla bərabər, haqq səsimizi müvafiq qurumların qarşısında aksiyalar keçirməklə də yaydılar.

Diaspor fəaliyyətinin ikinci ən mühim istiqamətlərindən biri onun qardaş ölkələrin diasporu ilə koordinasiyalı fəaliyyət göstərməsidir. Bu baxımdan qardaş Türkiyə və Azərbaycan diasporlarının birfə fəaliyyəti sevindirici haldır. Qarşıya qoyulan məsələlərin düzgün istiqamətlənmiş halda yerinə yetirilməsi diasporumuzun çox yaxşı təşkilatlanmasından xəbər verir. Şübhəsiz ki, Diasporla İş üzrə Dövlət Komitəsinin gördüyü işlər yüksək qiymətləndirilməlidir. Çünki diaspor yaxşı təşkilatlanmasa, qarşıda duran çağırışlarla da ayaqlaşa bilməz. Buna görə də, Vətən müharibəsi dövründə diasporumuzun yüksək səviyyədə faəliyyətini gördük. Baxmayaraq ki, bizim diaspor dəfələrlə ermənilərin əsassız hücumlarına məruz qaldı. Azərbaycanın dünyada tanıdılması, səsinin eşidilməsi bundan sonrakı mərhələdə də milli vəzifə kimi davam etdiriləcək”.

 

Deputat, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı qeyd edib ki, Azərbaycan diasporu müharibə dövründən üzüağ çıxdı:

“Vətən müharibəsi dövründə bütün millətimiz həm daxildə, həm də xaricdə səmərəli çalışdı. Diasporumuzun fəaliyyəti də faydalı oldu. Müharibə dövründə erməni diasporu bizim nümayəndələrimizə qarşı təxribatlara əl atdılar, min cür oyunlar qurdular.
Müharibədən sonra qələbəmizlə yeni bir mərhələ başladı. Artıq xaricdə yaşayan bütün azərbaycanlılar özlərinə güvənərək, daha yaxşı çalışmaq imkanı əldə etdilər. Bu, diasporumuzun qələbəsi deməkdir. Onlar  müxtəlif ölkələrin nümayəndəlikləri ilə fəal işlər gördülər. Bu da təşkilatlanmamızda çox önəmli idi”.

İNTERPRESS.AZ