Azərbaycan hər an antiterror əməliyyatı keçirə bilər” – Politoloqbackend

Azərbaycan hər an antiterror əməliyyatı keçirə bilər” – Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 10 noyabr üçtərəfli Bəyanatının bir sıra bəndləri hələ də icra olunmur.

Söhbət konkret olaraq, erməni silahlılarının Qarabağdan çıxarılmasından gedir ki, bununla bağlı Azərbaycan dəfərlərlə ən yüksək səviyyədə xəbərdarlıq edib.

Azərbaycan Xarici İşlər Nazirliyi də mövcud vəziyyətlə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir:

“Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan Prezidentinin ölkənin Quba rayonunda sakinlərlə görüşü zamanı səsləndirdiyi fikirlərin, imzalanmış üçtərəfli bəyanatlara guya ki, uyğun olmaması və Ermənistanın ərazi bütövlüyünə təhdid təşkil etməsi iddiası İrəvanın öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırdığını gizlətmək, öz əhalisində əsassız fobialar yaratmaq və beynəlxalq ictimaiyyətin diqqətini bu məsələdən yayındırmaq cəhdidir. Azərbaycan tərəfi dəfələrlə və ən yüksək səviyyədə üç ölkə liderinin imzaladığı birgə bəyanatların icrasının vacibliyini vurğulayıb, tərəfimizdən bu istiqamətdə konkret addımlar atılıb. Ermənistan isə üzərindən bir ildən çox vaxt keçməsinə baxmayaraq, müxtəlif bəhanələrlə öhdəliklərini yerinə yetirmir, bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına əngəl törədir”.

XİN-nin bəyanatında həmçinin bildirilir ki, Azərbaycanın Qarabağ bölgəsinə əsassız iddialarından hələ də əl çəkməyən, revanşizm sərgiləyən Ermənistan Azərbaycanın iki ölkə arasında münasibətlərin normallaşdırılması addımlarına qarşılıq vermir:

“30 ilə yaxın Azərbaycanın ərazilərini qanunsuz işğal altında saxlayan və beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymayan Ermənistan XİN-inə, indi saxta əsaslarla beynəlxalq ictimaiyyətə üz tutmaqdansa, öz ölkə liderlərinin imzaladığı bəyanatları diqqətlə oxumağı və bu sənədlərlə üzərilərinə götürdükləri öhdəliklərin icrasına keçməyi tövsiyə edirik”.

Silahlı ermənilərin Qarabağdan çıxarılmaması bölgədə davamlı sülhün olmasına maneə olan əsas məqamlardandır. Bu məsələ Rusiya sülhməramlılarının öhdəliyindədir və onlar 10 noyabr Bəyanatının analoji bəndini icra etməyəcəyi halda, Azərbaycan antiterror əməliyyatlarına başlamaq hüququndan istifadə edə bilər. Bunun üçün Azərbaycanın qarşısında heç bir maneə yoxdur.

Politoloq Tural İsmayılov Cebhe.info-ya açıqlamasında deyib ki, XİN-nin bəyatı Azərbaycanın mövqeyini tam ifadə edir:

“Dəfələrlə ölkə Prezidenti tərəfindən də vurğulanıb ki, Azərbaycan Ermənistana sülh təklif edir. Eyni zamanda, 10 noyabr və Soçi bəyanatının müddəlarına Ermənistan əməl etməlidir. Bu müddəalar yerinə yetirilməyəcəyi halda, Azərbaycanın “dəmir yumruğu” yerindədir. Yəni şərtlərə əməl olunmayacağı halda, antiterror əməliyyatı keçiriləcək.

Düşünmürəm ki, Ermənistan tərəfi bundan sonra bəyanatın hansısa müəddəasından yayınsın, amma yenidən təxribatlar olarsa, bəndlərə əməl olunmasa, Azərbaycan antiterror keçirmək haqqını özündə saxlayır.

Azərbaycan hər an antiterror əməliyyatı keçirə bilər. Nəzərə almaq lazımdır ki, 44 günlük Vətən müharibəsindən sonra Ermənistan yenə təxribata cəhd etdi və 16 noyabrda Azərbaycan Ordusu bunun qarşısını aldı.

Xarici İşlər Nazirliyinin bəyanatında da bu məqamlar öz əksini tapıb. Ermənistanın diplomatik korpusu və siyasətçiləri də bu bəyanatdan dərs çıxarmalıdır. Regiondan gərginliyə xidmət edən siyasi xətdən əl çəkməlidirlər”.