Bakı-İslamabad münasibətlərində YENİ FAKTOR: “Hər iki ölkə regional sabitliyi qorumağa çalışır”backend

Bakı-İslamabad münasibətlərində YENİ FAKTOR: “Hər iki ölkə regional sabitliyi qorumağa çalışır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün beynəlxalq münasibətlər sistemində xüsusi mövqeyi və çəkisi olan Azərbaycanın dövlət müstəqilliyi tək qəhrəmanlarımızın qanı və canı bahasına deyil, həm də çətin diplomatik uğurlar hesabına əldə olunmuşdur”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı deyib.

Millət vəkili Pakistan və Azərbaycan arasında son illər artan xətlə inkişaf edən ikitərəfli münasibətlərə toxunub.

T. Rüstəmxanlı xatırladıb ki, Azərbaycan adlı dövlətin müstəqilliyinin elan edilməsinin ilk illərində ölkəmizə təmənnasız, heç bir siyasi, iqtisadi və ya geosiyasi maraq gözləmədən dəstək verən ölkələrin sayı elə də çox deyildi:

“Pakistan məhz o dövlətlərdəndir ki, ilk gündən Azərbaycanla sıx əməkdaşlıqda maraqlı olub, haqq davamızda bizə açıq dəstək verib. Eyni zamanda, rəsmi Bakının Cəmmu və Kəşmir münaqişəsi ilə bağlı mövqeyi 30 ildən artıqdır dəyişməzdir. Azərbaycan torpaqları işğal altında olanda belə bu məsələ ilə bağlı Pakistanın mövqeyini müdafiə edib”.

“Yeri gəlmişkən, Pakistanda siyasi hakimiyyət dəyişsə də, bu, iki dövlət arasında əlaqələrin yüksək səviyyədə qalmasına mane olmur. Bu, mövcud münasibətin hər iki dövlətin təməl maraqlarına uyğun olaraq davam etdiyini, onun siyasi hakimiyyətin dəyişməsnə təsir göstərmədiyini isbatlayır. Ötən ilin yayında Prezident İlham Əliyevin Pakistana səfəri, bu günlərdə isə dost ölkənin Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfəri bunun təsdiqi idi”, – deyə o, əlavə edib.

Deputat hesab edir ki, bu gün Azərbaycan və Pakistan müxtəlif sahələrdə, xüsusilə də iqtisadiyyat, enerji, təhsil və müdafiə sahələrində sıx əməkdaşlıq edir, beynəlxalq təşkilatlarda bir-birini daim dəstəkləyirlər:

“Bu dəstək, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq forumlarda özünü göstərir. Hər iki ölkə regional sabitliyi və təhlükəsizliyi qorumağa çalışır, eyni zamanda, qlobal sülhün təmin edilməsinə töhfə verir. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə həm təkbətək, həm də geniş tərkibdə görüşlərinin baş tutması bu strateji tərəfdaşlığı daha da möhkəmləndirmək məqsədi daşıyır”.

Parlamentari onu da diqqətə çatdırıb ki, xüsusilə iqtisadiyyat, enerji, kənd təsərrüfatı, ekologiya və mədəniyyət sahələrində qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb:

“Səfər zamanı müzakirə olunan mövzular və imzalanmış sənədlər iki ölkə arasında əməkdaşlığın yeni mərhələsinə təkan verəcək. Önəmli məqam odur ki, səfər çərçivəsində mübadilə edilən sənədlər müxtəlif sahələri əhatə edir. Siyasi, iqtisadi, hərbi-müdafiə, humanitar və mədəni, energetika, ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı, təhsil və digər sahələrdə imzalanan sənədlər sözsüz ki, bu sahələr arasındakı əlaqələrin inkişafına yeni impuls verəcək, həmçinin ölkələrimiz arasında münasibətlərin dinamik inkişafını təmin edəcək. Odur ki, bu səfər Azərbaycan və Pakistan arasında əlaqələrin inkişafında mühüm addım kimi qiymətləndirilə bilər”.