Bakıda satılan 1 kq-lıq qızıl külçələr: onların öz müştəriləri var – REPORTAJbackend

Bakıda satılan 1 kq-lıq qızıl külçələr: onların öz müştəriləri var – REPORTAJ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın zərgərlik sənayesinin inkişafı istiqamətində dövlətin apardığı islahatlara dəstək məqsədilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən yerli qızıl xammalından istehsal edilən məhsulların ilk Satış və mübadilə mərkəzi istifadəyə verilib.

Bakı şəhəri, Bülbül prospekti-3 ünvanında yerləşən mərkəzdə Səhmdar Cəmiyyətin 2019-cu ildən etibarən yerli pərakəndə bazara təqdim etdiyi 5, 10, 20 qramlıq sikkə və külçələrlə yanaşı, çəkisi 1, 10 unsiya, 500 qram və 1 kiloqram olan yeni qızıl külçələr və fərqli dizaynlarda qızıl sikkələr satışa çıxarılıb.

Modern.az saytının əməkdaşı “AzerGold”un sözügedən ünvandakı Satış və mübadilə mərkəzinə baş çəkib, orada müştərilərə təklif olunan qiymətli malların satış mexanizmi və qızılın gerialışı prosesi ilə maraqlanıb.

Müxbirimizin ünvanladığı sualları “AzerGold” QSC-nin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Leyla Sadıxova cavablandırıb.


O bildirib ki, Mərkəzdə satışı həyata keçirilən qızıl məhsullarının qiymətləri hər gün səhər saat 09:00 radələrində birjaya uyğun olaraq yenilənir, minimal marja ilə müştərilərə təqdim edilir:

“Satış və mübadilə mərkəzi istifadəyə verildiyi gündən paytaxt sakinləri və şəhərimizin qonaqlarının marağını cəlb edib. Müştərilərin daha çox üstünlük verdiyi məhsullar ən son istehsal edilmiş “Qarabağ inciləri” ilə “Şuşa” sikkələridir. Alıcılar əsasən bu qızıl məmulatlarını öz doğmalarına, yaxınlarına hədiyyə vermək üçün əldə edirlər”.

Şöbə müdiri qeyd edib ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı şanlı qələbəyə həsr olunmuş sikkə dizaynı müsabiqəsi nəticəsində istehsal edilən “Qarabağ inciləri” ilə “Şuşa” mövzulu qızıl sikkələrlə yanaşı, başqa  məmulatlar da satılır. Bunlar Heydər Əliyev Mərkəzi, Qobustan qayaüstü rəsmləri və Qarabağ xalçasının “Çələbi” naxışı təsvir olunmuş qızıl və gümüş sikkələrdi.

“Bu sikkələr ölkəmizdə kifayət qədər təlabatlı məhsullarımız sırasındadır. Məhsullarımız kolleksionerlərin diqqətini cəlb edir, investisiya aləti kimi də vətəndaşlarımız tərəfindən istifadə olunur”.

Müsahibimiz bildirib ki, sözügedən qiymətli məhsullar 999.9 əyarlı Azərbaycan qızılından hazırlanır. Daşkəsəndə yerləşən “Çovdar”, “Ağyoxuş” və “Mərəh” qızıl yataqlarından hasil edilən qızıl Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində emal olunaraq, saflaşdırılma üçün İsveçrəyə göndərilir. Məhsullar dünyaca məşhur “Argor-Heraeus” şirkəti tərəfindən istehsal edilir və sertifikatlaşdırılaraq, Azərbaycana gətirilir. 

“26 oktyabr 2021-ci il tarixinə qızıl məhsullarımızın qiyməti 541 manatdan başlayıb. Bu, 5 qram çəkiyə malik olan qızıl külçələrdir. Ən bahalı məhsulumuzun isə çəkisi 1 kiloqramdır. Hazırda 1 kiloqramlıq külçələrin satış qiyməti 105 min manatdan bir qədər yüksəkdir”, – deyə L.Sadıxova qeyd edib.

Onun sözlərinə görə, bir neçə gün bundan əvvəl həmin külçələr 102-103 min manata satılırdı:

“Qiymətlərin qısa müddət ərzində artması təqdim etdiyimiz məhsulların yüksək likvidliyə malik olan investisiya aləti olduğunu göstərir. Belə ki, külçə, sikkə və qranul şəklində qızılın və gümüşün satışının əlavə dəyər vergisindən, gömrük rüsumlarından, eləcə də idxal olunan qızıl və ondan hazırlanan məhsulların aksiz vergisindən azad edilməsindən öncə sözügedən malların maya dəyərinə kifayət qədər yüksək əlavələr edilməklə satılırdı. Hazırda isə qiymətlərdə kifayət qədər fərq nəzərə çarpır. Bu da qızıla yatırım məqsədi ilə müraciət edənlərin sayını kifayət qədər artırıb”.

“AzerGold”un qızıl kolleksiyasının mübadilə mexanizmi barədə də məlumat verən şöbə müdiri bildirib ki, qiymətli məhsulların gerialışı zamanı təqdim edilən məhsulların həqiqiliyi iki xüsusi zərgərlik cihazı vasitəsi ilə yoxlanılır:

“Sigmaskop” adlanan cihaz qızılın həqiqiliyi, tərkibində digər metalların olub-olmadığını yoxlayır. “Goldskop” adlanan cihaz isə qızılın əyarını müəyyən edir.

“Qızıl sikkələrdən fərqli olaraq, qızıl külçələrin gerialışı zamanı diqqət yetirilən vacib məqamlardan biri də qablaşma ilə bağlıdır. Əgər qablaşmaya müdaxilə olunubsa, biz onu geri almırıq. Çünki məhsulun sertifikatı qablaşdırma daxilindədir. İsveçrədə istehsal edilən bu məhsulları yenidən qablaşdırmaq üçün həmin ölkəyə göndərmək lazım gəlir”.


L.Sadıxova qeyd edib ki, qiymətli məhsulların mübadiləsi qızılın cari məzənnəsinə uyğun aparılır.

Mərkəzdə təqdim olunan qızıl sikkə və külçələri onlayn platforma üzərindən də əldə etmək mümkündür. Bunun üçün “Azergold.gift” saytına daxil olaraq sifariş vermək lazımdır. Məhsul 24 saat ərzində Abşeron yarımadası, o cümlədən Bakı, Sumqayıt və Xırdalan şəhərlərinin istənilən nöqtəsinə çatdırılır.

Qeyd edək ki, “AzerGold”un ilk Satış və mübadilə mərkəzinin istifadəyə verilməsi Azərbaycan Zərgərlik Asossiasiyası ilə əməkdaşlıq şəraitində yerli zərgərlərin xam qızıla təlabatlarının ödənilməsində də mühüm rol oynayacaq.

Tətbiqinə başlanılan yeni sistem bu sahədə ikinci əl bazarının “kölgə iqtisadiyyatı”ndan çıxarılmasına da müsbət təsir göstərəcək. Bu da öz növbəsində, yerli zərgərlik bazarının qaçaqmalçılıq və digər qanunsuz yollarla ölkəyə gətirələn saxta əyarlı məhsullardan azad olmasına töhfə verəcək.

Xatırladaq ki, 3 ildir ki, yerli bazara təqdim edilən “AzerGold” məhsullarına alıcılar tərəfindən yüksək maraq və tələbatın olmasını nəzərə alaraq, gələcəkdə ölkənin digər iri şəhər və rayonlarında da yeni mərkəzlərin istifadə verilməsi istisna edilmir.