Çarli Kirkin xanımı ABŞ vitse-prezidenti ilə münasibəti olması şayiələrinə son qoymaq qərarına gəlib.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb. Erika Kirk Cey Di Venslə səmimi qucaqlaşmasının səbəbini açıqlayıb: “Bu, mənim sevgi dilimdir”.
Bir neçə həftədir ki, qətlə yetirilmiş Tramp tərəfdarı fəal Çarli Kirkin dul xanımı Erika Kirk ABŞ-nin vitse-prezidenti Cey Di Venslə münasibəti olması barədə yayılan şayiələri təkzib etməyə çalışır.
Söz-söhbətlər “Turning Point USA” tədbirindən sonra yaranıb. Həmin tədbirdə qonaq qismində iştirak edən Vens səhnəyə çıxarkən Erika Kirk onu səmimi şəkildə qucaqlayıb.
Vitse-prezident əllərini onun belinə qoyub, dul xanım isə barmaqlarını Vensin saçlarına toxundurub. Üç saniyəlik “yanaq-yanağa” təması böyük müzakirələrə və memlərə səbəb olub.
Erika Kirk bu məsələyə aydınlıq gətirib. Qlendeyldə aparıcı Meqan Kelli ilə söhbətində o bildirib:
“Kimin qucaqlaşmaqdan xoşu gəlmirsə, deməli, onun özünün qucaqlanmağa ehtiyacı var”.
O, insanları qucaqlamaq vərdişinin onun “sevgi dili” olduğunu izah edib.
Kelli tənqidçilərin “sanki sən onun arxasından tutmusan kimi reaksiya verdiyini” qeyd edib.
Erika Kirk isə buna cavab olaraq deyib: “Düşünürəm ki, əgər bunu etsəydim, mənə daha az nifrət edərdilər”.
Kirk həmçinin səhnədə qucaqlaşarkən Vensin ona nə dediyini də açıqlayıb: “O dedi ki, ‘O (Çarli), səninlə çox fəxr edir’. Mən isə ‘Tanrı səni qorusun’ dedim”.
Erika Kirk daha sonra qucaqlaşmalar zamanı əlini hər bir insanın başının arxasına qoyub “Allah səni qorusun” dediyini izah edib:
“Bu sadəcə mənəm. Əgər kimsə bunu kontekstdən çıxarmaq istəyirsə, buyursun”.
Qeyd olunur ki, Erika Kirkin sözlərini təsdiqləyən fotolar da mövcuddur. Bu yaxınlarda ABŞ-nin Hindistandakı səfiri Serxio Qor da Ağ Evdəki mətbuat tədbirində eyni dərəcədə səmimi qucaqlaşma ilə qarşılanıb.
Xuraman Etibarlı
İnterpress.az






