Çexiya vətəndaşları səkkiz namizəd arasından prezident seçəcəklərbackend

Çexiya vətəndaşları səkkiz namizəd arasından prezident seçəcəklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çexiyada seçicilər cümə və şənbə günləri ölkə prezidentliyinə səkkiz namizəddən hansının növbəti beş ildə bu vəzifəni tutacağını və Miloş Zemanın varisi olacağını müəyyənləşdirəcək.

“Report” xəbər verir ki, hazırkı lider, konstitusiyaya görə, ikinci beşillik mandatı martın 8-də başa çatdıqdan sonra yenidən seçilmək üçün namizəd ola bilməz.

Əsas namizədlər arasında keçmiş baş nazir Andrey Babiş, ordu generalı və NATO Hərbi Komitəsinin keçmiş sədri Petr Pavel və Brnodakı Mendel Universitetinin keçmiş rektoru Danuşa Nerudova da var. Son iki ayda aparılan sosioloji sorğulara görə, onların hər biri seçicilərin orta hesabla 26%-dən 27%-ə qədərinin dəstəyinə arxalanır. Qalan beş namizəd isə 1%-dən 7%-ə qədər səs toplaya biləcək.

Prezidentliyə namizədlərin hər biri dövlət başçısı seçiləcəyi təqdirdə ölkənin beynəlxalq mövqelərini, iqtisadi, elmi-texniki və müdafiə potensialını gücləndirmək, sosial proqramların işlənib hazırlanması və genişləndirilməsinə yardım etmək niyyətindədir. Onlar Çexiyanın Avropa İttifaqına və NATO-ya üzvlüyünün vacibliyini vurğulayıb, Rusiya Federasiyasının Ukraynadakı hərəkətlərini pisləyib və ona hərtərəfli yardım göstərilməsinin zəruriliyini şübhə altına almadan bu ölkənin suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini bildiriblər.

İki gün davam edəcək qarşıdan gələn seçkilər Çexiya tarixində üçüncü birbaşa və ümumi dövlət başçısı seçkiləri olacaq. Bundan əvvəl prezident parlament tərəfindən seçilirdi.

Təxminən 10,6 milyon əhalisi olan Çexiyada 8,3 milyon seçici seçkilərdə səs verə bilər. Ölkədə 14 857 seçki məntəqəsi fəaliyyət göstərəcək.

Seçki məntəqələri yanvarın 13-də yerli vaxtla saat 14:00-dan 22:00-dək ( Bakı vaxtı ilə saat 17:00-dan 01:00-dək) ​​fəaliyyət göstərəcək. Səsvermə yanvarın 14-də saat 08:00-dan 14:00-dək (Bakı vaxtı ilə saat 11:00-dan 17:00-dək) ​​mümkün olacaq. İlkin nəticələrin yanvarın 14-ü axşam saatlarında açıqlanacağı gözlənilir.

Çexiyalı politoloqlar qalibi müəyyən etmək üçün yanvarın 27-28-nə təyin edilmiş seçkilərin ikinci turunun tələb olunacağını proqnozlaşdırırlar. Rəy sorğuları göstərir ki, birinci turda ən yüksək dövlət postuna namizədlərdən heç biri qələbəni təmin etmək üçün 50%-dən çox səs toplaya bilməyəcək. Açıq qalan yeganə sual prezidentlik yarışında üç favoritdən hansının ikinci tura keçəcəyidir. İctimai rəy sorğularının nəticələrinə görə, Pavel və Babiş ən böyük şansa malikdir.

Nerudovanın da böyük potensialı var. Ola bilsin ki, o, əsas kişi rəqiblərindən birini mübarizədən kənarlaşdırıb ikinci raundda keçsin. Çex seçicilərinin əksəriyyəti ona rəğbət bəsləyir. Onun namizədliyini respublikanın ən böyük həmkarlar ittifaqı birliyi olan Çex-Moraviya Həmkarlar İttifaqları Konfederasiyası da dəstəkləyir.

Çexiya parlamentli respublikadır və orada prezident nümayəndəlik funksiyalarını yerinə yetirir. O, dövləti beynəlxalq arenada təmsil edir və ali baş komandandır. İcra hakimiyyəti hökumətin əlində cəmləşib.

Eyni zamanda, dövlət başçısının razılığı olmadan Nazirlər Kabineti beynəlxalq təşkilatlarda səfir və diplomatik nümayəndəliklərin rəhbərlərini təyin edə bilməz. Prezident və Baş nazir vaxtaşırı əsas məsələlərlə bağlı məsləhətləşirlər.