Çin avqustun 24-dən etibarən Fukusima Daidaxili Atom Elektrik Stansiyasından radioaktiv tullantı sularının okeana axıdılması qərarına görə Yaponiyaya etiraz notası verib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir müavini Sun Veydong Yaponiyanın Pekindəki səfiri Tarumi Hideonu məsələ ilə bağlı nazirliyə çağırıb.
Sun Yaponiyanın qərarını eqoist və məsuliyyətsiz adlandıraraq etiraz etdiklərini bildirib.
Yaponiyanın bu qərarla öz maraqlarını qonşu ölkələrin narahatçılığından üstün tutduğunu ifadə edən Sun, Çinin dəniz ekologiyasının qorunması, qida təhlükəsizliyi və əhalinin sağlamlığı üçün lazımi tədbirləri görəcəyi ilə bağlı xəbərdarlıq edib.
Yaponiya səfirliyindən verilən açıqlamada Yaponiya səfiri Tarumi də görüş zamanı hökumətinin tullantı sularının axıdılması planını şəffaf və elmi şəkildə izah etdiyini və Çinin bu məsələ ilə bağlı iddialarının heç bir elmi əsası olmadığını müdafiə edib.
Avropa Birliyi və digər iqtisadiyyatların Yaponiyadan gələn su və qida məhsullarına nəzarəti qaldırdığını xatırladan Tarumi, Çinin bu istiqamətdə addım atan yeganə ölkə olduğunu, elmi əsası olmayan bu cür tədbirləri qəbul etməyəcəklərini bildirib.
Yaponiyanın Baş naziri Kişida Fumio Nazirlər Kabinetinin dünənki iclasından sonra verdiyi açıqlamada Fukusima Daidaxili Atom Elektrik Stansiyasından radioaktiv tullantı suyunun okeana axıdılmasının avqustun 24-də başlayacağını açıqlayıb.