Çin müharibədə Rusiyanı tək qoyur?- Şərhbackend

Çin müharibədə Rusiyanı tək qoyur?- Şərh

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Müharibə Araşdırmaları İnstitundan bildirilib ki, Çin və Rusiya arasında Ukraynadakı müharibə ilə bağlı ziddiyyətlər yaranıb. Məlumata görə avqustun 7-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Çin Kommunist Partiyasının Xarici İşlər üzrə Mərkəzi Komissiya Ofisinin direktoru Vanq Yi arasında aparılan danışıqlar göstərir ki, müharibəni dayandırmaq üçün təklif olunan nizamlamalar məsələsində Moskva ilə Pekin arasında getdikcə fikir ayrılıqları yaranır.

Amerikalı analitiklərin fikrincə, Rusiya ilə Çin arasında fikir ayrılıqlarının yaranması gözlənilən olub.

Məlumdur ki, Çin Ukraynadakı müharibədə Rusiyaya qarşı sanksiyalara qoşulmayan, hətta zaman-zaman Rusiyanı müdafiə edən nadir ölkələrdəndir. Bunu əsas səbəbi Pekinlə Moskvanın bəzi ortaq maraqları və eyni Qərb təhlükəsidir.

Ümumiyyətlə, əvvəl də dediyimiz kimi, hazırda müharibə Şərqlə Qərb arasında gedir. Belə olan halda rəsmi Pekinin Ukraynadakı müharibəyə neytral yanaşmağa çalışması və dediyimiz kimi Rusiyanı dəstəkləməsi gözləniləndir. Amma, görünür, Çin də tərəddüd edir.

Sülhlə bağlı Rusiyanın konkret mövqeyi hələ ki, açıqlanmayıb. Məsələn, rəsmi Kiyevə görə müharibə Ukrayna torpaqlarının, o cümlədən Krımın azad olunmasından sonra mümkündür. Moskva isə hələ bu barədə konkret mövqe ortaya qoymayıb. Amma dəqiq olan budur ki, Rusiya öz ictimaiyyətinə qələbə kimi təqdim edə biləcək nəticə istəyir. Bu isə o deməkdir ki, Rusiya Ukrayna torpaqlarının heç olmasa bir hissəsini öz nəzarətində saxlamalıdır. Ancaq Ukrayna buna razı deyil. Bu, onu deməyə əsas verir ki, üfüqdə sülh görünmür.

Çinin Rusiyaya dəstəyinin artması Qərblə gərginliyin şiddətlənməsi deməkdir. Odur ki, ola bilsin, Pekin Moskvanın sülhlə bağlı mövqeyini dəstəkləmək istəmir. Çinin Rusiyanı güzəştə getməyə çağırması istisna deyil.

Ehtimal var ki, Çinlə Rusiya arasında fikir ayrılığı gələcəkdə daha da artacaq. Perspektivdəki təmaslar, o cümlədən gizli danışıqlar zamanı rəsmi Pekinin Moskvanı güzəştlərə razı salmağa çalışması istisna deyil.

Kənan Novruzov
İnterpress.az