Çin Rusiyanı xilas edəcəkmi?backend

Çin Rusiyanı xilas edəcəkmi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın əsas gəlir mənbəyinin təbii sərvətlər olduğu heç kimə sirr deyil. Maraqlıdır ki, Vladimir Putin hakimiyyətə gələndən bu yana dünya bazarında neftin və qazın qiyməti demək olar, yüksəlişdə olub. Bu illər ərzində Kreml əldə etdiyi böyük pullarla normal iqtisadiyyat və sivil cəmiyyət qurmaq əvəzinə, imperiya xəyallarının gerçəkləşdirilməsi planı üzərində işləyib. Ukraynaya qarşı həyata keçirilən təcavüz də məhz bu plandan qaynaqlanır.

Amma Putinin Ukraynada apardığı müharibə onun istədiyi kimi getmir, hələ üstəlik Rusiya Qərbin sərt sanksiyaları ilə üzləşib. Bilindiyi kimi, Avropa Birliyi Rusiyaya qarşı tətbiq olunacaq altıncı sanksiya zərfində neft alışına embarqo qoyulmasını müzakirə edir. Hələ ki, bununla əlaqədar Avropa Birliyi ölkələri arasında tam yekdillik yoxdur. Lakin ekspertlərin fikrinə görə, Rusiya neftinə qadağa qoyulması yalnız zaman məsələsidir.

İnterpress.az AzPolitika.info-ya istinadən xəbər verir ki, ABŞ-ın “Newsweek” nəşrində dərc olunan “Putinin Ukrayna avantürası Rusiyanın ən gəlirli sahəsini təhlükə altına qoymağa başlayır” başlıqlı məqalədə sözügedən məsələyə toxunulur.

Həmin məqaləni təqdim edirik: ”Enerji daşıyıcılarının ixracı Rusiya iqtisadiyyatının həyat mənbəyidir. Rusiya dövlət büdcsəinin təxminən 45 faizi neft və qazın satışından əldə olunan gəlirlərdən formalaşır. Keçən il xam neft və digər neft məhsulları Moskvaya 178 milyard dollar pul qazandırıb.

 

 

Adi illərdə neft satışı Vladimir Putin üçün etibarlı gəlir qaynağı olub və o, bu pullardan pensiya ödəyib, Rusiyanın qızıl valyuta ehtiyatını artırıb, silah sənayesini maliyyələşdirib. Əlbəttə, Moskva xaricə nə qədər çox neft satarsa, onun Ukrayna müharibəsini maliyyələşdirmək üçün daha çox pulu olacaq.

Beləliklə, ümumi yekunda Avropa Birliyinin Rusiyanın ən böyük gəlir mənbəyindən birinə sanksiya tətbiq etməsi qaçılmazdır. Burada başlıca məqsəd Rusiya iqtisadiyyatını sıxmaq və Moskvanın maliyyə qaynağını bağlamaqdır(2020-ci ildə Avropa Birliyinin idxal etdiyi neftin 53 faizi Rusiyanın payına düşüb).

Avropa Komissiyasının sədri Ursula fon der Layen Avropa Birliyinin qanunvericilərinə müraciəti zamanı deyib ki, Rusiyaya qarşı tətbiq olunacaq sanksiyaların altıncı zərfində bu ölkədən neft alınmasının dayandırılması da nəzərdə tutulub. Əgər Avropa Birliyinin bütün üzvləri bu pakta imza atarlarsa, o zaman Kreml itirilmiş gəlirlərin yerini doldurmaq üçün alternativ bazarlar axtarmalı olacaq.

Putin 14 apreldə Nazirlər Kabinetində keçirilən iqtisadi müşavirə zamanı bunu etiraf etmişdi. Rusiya ixrac neftinə embarqo qoyulacağının yalnız zaman məsələsi olduğunu bilən Putin həmin yığıncaqda demişdi: ”Biz ixracı diversifikasiya etməliyik”.

Qərb Rusiya neftindən imtina edəcəyi üçün Kreml Asiyada yeni bazarlar axtarmaq istəyir. Lakin Rusiyadan neft almağa hazır olan ölkələr Moskvanın çətin maliyyə və geosiyasi vəziyyətindən istifadə edərək, özləri üçün daha sərfəli sövdələşməyə getməyə çalışcaqlar.

Hazırda Rusiya neftinə ən çox maraq göstərən ölkə Hindistandır. Hindistanın martdan iyunadək Rusiyadan alacağı neftin həcmi keçən il bu ölkədən aldığı neftin ümumi həcmindən daha çox olacaq, amma hindistanlılar qiymətdə böyük endirimə gedilməsini tələb edirlər.

Hindistan dünya bazarındakı qiymətlə yox, 36 faiz endirimlə neft almaq istəyir. Əlbəttə, Rusiya əvvəlki kimi sövdələşmədən yenə də pul qazanacaq, amma bu sövdələşmə öncəkilərdən xeyli az mənfəət gətirəcək.

Rusiyanın müttəfiq hesab etdiyi digər ölkə Çindir. Putin Çini Qərbə qarşı etibarlı müdafiə vasitəsi kimi istifadə edəcəyini düşünə bilər. Rusiya və Çin strateji münasibətlər qurublar və bu, onların ABŞ-a qarşı qarşılıqlı nifrət duymalarından irəli gəlir. 2013-cü ildən indiyə kimi Putin və Çin rəhbəri Si Çzinpin arasında xeyli sayda görüş keçirilib. 2019-cu ildə Si Çzinpin Putini özünün ən yaxşı dostu adlnadırmışdı.

 

 

Çin yalnız öz məqsədlərini güdən oyunçudur. Hərçənd ki, Çin Putin hökumətinin yıxılmasını istəmir və Qərbin sanksiyalarını qeyri-qanuni adlandırır. Ancaq bütün bunlara baxmayaraq, Çin Kommunist Partiyasının öz qonşusu Rusiyanı xilas edəcəyi inandırıcı görünmür. Pekin Rusiyadan ixrac etdiyi neftin həcmini faktiki olaraq 14 faiz azaldıb. Çin dövlət neft emalı zavodları ABŞ banklarının sanksiyalarının hədəfinə tuş gəlməmək üçün Rusiya ilə yeni neft müqavilələri bağlamaqdan qaçırlar.

Çin hakimiyyətinin koronavirusla bağlı Pekin və Şanxay kimi iri şəhərlərdə sərt karantin tədbirləri görməsi Asiyanın iqtisadi nəhənginin neft idxalına təsirsiz ötüşmür. Belə ki, müəssisələr bağlananda işlər dayanır və yanacağa ehtiyac azalır.

Neft tədarükünün Avropadan Asiyaya yönəltmək heç də asan proses deyil. Ola bilər ki, dünyanın ucuz enerji mənbəyinə ehtiyacı var, lakin Vaşinqton və Brüsselin sanksiyaları tanker donanmasını və sığorta şirkətlərini öz xidmət xərclərini yüksəltməyə məcbur edir.

Ola bilər ki, Avropa tankerləri Rusiya neftini daşımaqdan imtina etsinlər. Ona görə də Moskva öz yüklərini daşımaq üçün Avropa Birliyinə daxil olmayan ölkələrdən tanker axtarmaq məcburiyyətində qalacaq və bundan sonra həmin tankerlər daha çox məsafə qət edəcəklər. Hindistan Niderlandla müqayisədə Rusiyanın Baltik dənizindəki limanlarından xeyli uzaqda yerləşir ki, bu da daşınmanı daha bahalı edəcək. Bundan sonara Rusiya həmin məsrəfləri də ödəməlidir.

Sözsüz ki, Qərbin enerji sanksiyaları siyasi məqsədə nail olmaq üçün tətbiq olunub. Başlıca məqsəd isə Moskvanın hərbi əməliyyatları dayandırması və Ukraynanı tamamilə tərk etməsidir. İndi Putin hesab edir ki, Qərbin təzyiqləri qarşısında geri çəkilmək qəbuledilməz variantdır. Ancaq Putinin nə düşünməsindən asılı olmayaraq, yekun nəticədə Rusiya zəif və kasıb hala düşəcək.”