Danimarkalı səyyah 10 il ərzində bütün dünyanı gəzib – FOTObackend

Danimarkalı səyyah 10 il ərzində bütün dünyanı gəzib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Danimarkalı səyyah Torbjorn Pedersen bütün ölkələri təyyarədən istifadə etmədən səyahət edərək tamamlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Göndərmə və logistika sahəsində çalışan və “Thor” ləqəbindən istifadə edən Pedersenin macərası 2013-cü ildə atasının elektron poçtu ilə başlayıb.

Atasının göndərdiyi yazıda bildirilib ki, indiyə qədər heç kim dünyanın bütün ölkələrinə təyyarə ilə getmədən səyahət etməyib. Pedersen daha sonra hava yolu istifadə etmədən dünyanı səyahət etmək üçün araşdırmalara başlayıb.

Aylarla davam edən araşdırmalardan sonra planını quran Pedersen 10 oktyabr 2013-cü ildə 34 yaşında bütün ölkələri gəzmək üçün Danimarkanı tərk edib, dünya turuna çıxıb.

Pedersenin bu səfərə çıxdığı zaman məqsədi isə hava yolundan istifadə etmədən bütün dünyanı səyahət edən ilk insan kimi tarixə düşmək olub.

Torbjorn Pedersen bu səfər üçün özünə 3 qayda qoyub: Təyyarə ilə səyahət etməyəcək, hər ölkədə ən azı 24 saat qalacaq və səyahətə başladıqdan sonra dünya turunu başa vurana qədər vətənə qayıtmayacaq.

Gündə orta hesabla 20 dollar ayıran Pedersen yaşayış, yemək və səyahət kimi gündəlik xərclərini qarşılayıb.

O, bəzən təhlükəli və döyüş bölgələrindən keçib, bəzi ölkələrə viza almaq üçün günlərlə, bəzən həftələrlə gəmi ilə getməli olsa da, məqsədindən əl çəkməyib.

Təyin etdiyi qaydalar çərçivəsində səyahətinə Avropadan başlayan Pedersen, daha sonra Şimali və Cənubi Amerika ölkələri ilə davam edib, daha sonra Afrika qitəsini gəzib.

Afrika ölkələrindən sonra danimarkalı səyyah 2017-ci ilin sentyabrında Türkiyə səfərini başa vuraraq Yaxın Şərq ölkələrinə yola düşüb. Əfqanıstan, Yəmən, Suriya kimi müharibə və münaqişələrin yaşandığı ölkələrə də səfər edən Pedersen, səhifələrində yer qalmadığı üçün pasportunu 10 dəfə yeniləyib.

Pedersenin səhayətində koronavirusun yayıldığı vaxtlarda axsamalar olub.

Pedersen 2020-ci ilin yanvar ayında Sakit Okeandakı Palau Respublikasına getmək üçün 4 gün qalmaq məqsədi ilə getdiyi Honq-Konqda COVID-19 epidemiyası səbəbindən təxminən 2 il yaşamalı olub. Epidemiya səbəbiylə səyahət məhdudiyyətlərinin aradan qaldırılması ilə yoluna davam edən Pedersen bu ilin may ayında məqsədinə çatıb.

Maldiv adalarına son səfərini mayın 24-də başa vuran Pedersen iki aydan çox davam edən səfərdən sonra iyulun 26-da ölkəsinə qayıdıb.

Pedersen 3576 gün davam edən səyahəti zamanı konteyner gəmisi ilə 37 dəfə, qatarla 158 dəfə və avtobusla 351 dəfə səyahət edib. Pedersen bu unikal səfərdə təəssüratlarını və getdiyi bütün ölkələrlə bağlı fotolarını bloqunda izləyiciləri ilə bölüşüb.