Daşqınların vurduğu Avropa ölkələri dəymiş ziyanın öhdəsindən gəlməyə çalışır.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Avropanın bir hissəsi iqlim dəyişikliyinin təsiri ilə qızmar istilərlə mübarizə aparır.
Sloveniya, İngiltərə, Avstriya və Xorvatiya güclü yağışdan sonra daşqınların vurduğu ziyanı aradan qaldırmağa çalışır. İqlim dəyişikliklərinin yaratdığı istilik dalğaları Avropanın bir çox yerində rekord temperaturlara və meşə yanğınlarına səbəb olsa da, Sloveniya, İngiltərə, Avstriya və Xorvatiyada yay aylarında sellərə səbəb olan güclü yağışlar müşahidə olunub.
Avropa ölkələrində daşqın səbəbindən ciddi fəsadlar baş verib və bu ölkələrdə dəymiş ziyanın aradan qaldırılmasının vaxt aparacağı açıqlanıb.
Güclü yağış və külək Bosniya və Herseqovina və Serbiyada da təsirli olub. Latviya, Polşa, Litva və Finlandiyada “güclü yağış” xəbərdarlığı edilib.
Sloveniyada dəyən ziyan 500 milyon avronu keçə bilər.
Qərbi Balkan və Avropa Birliyi ölkəsi Sloveniya ərazisinin üçdə ikisi cümə günü başlayan və 3 gündür davam edən leysan yağışların səbəb olduğu daşqınlara məruz qalıb. Yaşayış məntəqələrinin zədələndiyi, kənd təsərrüfatı sahələrinin böyük ölçüdə yararsız hala düşdüyü və 6 nəfərin öldüyü Sloveniyada baş verən daşqın 1991-ci ildə müstəqilliyini əldə edən ölkənin “ən böyük təbii fəlakəti” kimi qeydə alınıb.