Özünü xüsusi xidmət orqanının əməkdaşı zənn edən tələbə iş adamının seyfini yarıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Xabarovskda bir tələbə özünü xüsusi xidmət orqanlarının əməkdaşı hesab edərək iş adamının seyfini yarıb. Hadisə çoxmərhələli sxem üzrə baş verib.
Dələduzlar əvvəlcə sahibkarın 21 yaşlı qızını inandırıblar ki, onu və yaxınlarını cinayət təqibi gözləyir. Daha sonra fırıldaqçılar ona Moskvadan Xabarovska gəlməyi və mənzilin açarlarını həyətdə göstərilən yerə qoymağı tapşırıblar.
Həmin açarları paytaxt universitetlərinin birində təhsil alan tələbə götürüb. O, Xabarovska dələduzların göstərişi ilə gəlib və istintaqa kömək etdiyini düşünüb.
“Müstəntiq”lə əlaqədə olan tələbə mənzilin açarlarını tapıb, seyfi açaraq pulları oğurlayıb.
Saxlanılan şəxs məbləğin böyük hissəsini göstərilən rekvizitlərə köçürüb. Lakin fırıldaqçılar geri qayıtmaq üçün tələbəyə 80 min rubl (təxminən 1820 manat) saxlamağa icazə veriblər.
Hazırda faktla bağlı cinayət işi açılıb.
Xuraman Etibarlı
İnterpress.az






