Bəzi təşkilatlar Azərbaycanın xoş niyyətlərindən sui-istifadə edərək öz çirkin məqsədləri üçün ölkəmizə qarşı yalan və iftira dolu genişmiqyaslı qarayaxma kampaniyası aparır. Onlardan biri də Avropa Şurası və onun Parlament Assambleyasıdır.
İnterpress.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov parlamentin fevralın 1-də yaz sessiyasında keçirilən ilk plenar iclasda çıxışı zamanı deyib.
O bildirib ki, bu siyasi riyakarlıq yuvası ancaq ədalətsizlik və qərəzli münasibət sərgilədi, anti-Azərbaycan mövqeyini üzə çıxartdı: “Makronların, Şoltsların, Borellərin, Şvabların qərəzli rəylərini əsas tutdu, illər boyu Azərbaycanla bağlı qəbul etdiyi bütün qərarları daxilindəki ermənipərəst qüvvələrin diqtəsi ilə siyasiləşdirdi. Siyasi sirkə bənzəyən bu qurum ölkəmizin daxili işlərinə qarışmağa, diqtə, şantaj və təhdid dilində danışmağa, Azərbaycanı Avropa dövlətlərinin və xalqlarının düşməninə çevirməyə cəhdlər göstərdi. Amma alınmadı”.
K.Bayramov əlavə edib ki, bu cür vəziyyətdə Azərbaycan nümayəndə heyəti AŞPA-dakı fəaliyyətini qeyri-müəyyən vaxta dayandırmaqla çox düzgün qərar qəbul etdi: “Bu məsələdə heç bir güzəşt edilə bilməzdi. Ya Azərbaycanın digər üzvlərlə yanaşı, bərabər hüquqları olmalı idi, bərabər münasibət bəslənməli idi, ya da bu qərəz, ədalətsizlik və xainlik məkanından uzaqlaşmalıydıq. Heç şübhəsiz ki, bu qərar Azərbaycan üçün deyil, Avropa Şurası və onun qurumları üçün ciddi fəsadlarla nəticələnəcək, onun statusuna və nüfuzuna birmənalı olaraq xələl gətirəcək, Cənubi Qafqazdakı mövqelərini sıfıra endirəcək”.