Deputat operativ qərargahı dəstəklədi: “Ölümə qarşı mübarizə aparan polis müdafiə olunmaq əvəzinə qınanıldı”backend

Deputat operativ qərargahı dəstəklədi: “Ölümə qarşı mübarizə aparan polis müdafiə olunmaq əvəzinə qınanıldı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son günlər koronavirus infeksiyasına yoluxma dinamikasında rekord göstəricilər qeydə alınır.

İyunun 3-də ölkədə 325 yeni yoluxma faktı aşkarlanıb, beş nəfər vəfat edib.

Vətəndaşların əksəriyyətinin son zamanlar karantin rejiminə əməl etməməsinə görə, yoluxanlar və sağalanların sayı arasında ciddi fərq yarandığı səbəbindən, karantin rejiminin yenidən sərtləşdirilməsi barədə təklif hazırlanıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı iyunun 3-də Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdə deyib.

R.Bayramlı həftəsonları insanların küçəyə çıxması ilə bağlı qadağanın sərtləşdirilməsi, bütün ticarət obytektləri, mağaza və apteklərin tam bağlanmasının nəzərdə tutulduğunu bildirib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı Oxu.Az-a açıqlamasında deyib ki, bir çox vətəndaş Azərbaycan rəhbərliyinin, deputatların, polislərin, jurnalistlərin apardığı maarifləndirmə tədbirlərinə, operativ qərargahın xəbərdarlıq və tövsiyələrinə əməl etmədilər.

Deputat xatırladıb ki, Azərbaycanda xüsusi karantin rejiminin tətbiq olunduğu ilk vaxtlardan bir müddət sonra koronavirusdan sağalma halları yoluxmaları üstələdi.

“Sağalanların sayı artırdı, yoluxma isə xeyli azalmışdı. Ölü sayı da azalırdı. Bu, ölkə rəhbərliyinin həyata keçirdiyi kompleks və ciddi tədbirlərin nəticəsində mümkün olmuşdu. Buna söykənərək operativ qərargah doğru olaraq yumşalma xəttinə keçdi”, – deyə F.Ağamalı əlavə edib.

Onun sözlərinə görə, vətəndaşlar operativ qərargahın karantin rejiminin yumşaldılması barədə qərarlarını düzgün qiymətləndirmədilər:

“Əhali “hər şey bitib” deyərək operativ qərargahın dünya praktikası əsasında verdiyi təkliflərə, qoyduğu tələblərə əməl etmədilər. İnsanlar sosial məsafəni gözləmədilər, tibbi maska taxmadılar, gigiyena qaydalarına əməl etmədilər. Biz ictimai yerlərdə, nəqliyyatda tamamilə əks mənzərənin şahidi olduq”.

F.Ağamalı metrodan sərnişinlərin polislərin tibbi maska taxmaqla bağlı tələbinə qarşı çıxmasını da qınayıb:

“Sərnişinlər metroya enir, vaqona minən kimi maskanı çıxarır. Başa düşmək olmur ki, bu, nə cür yanaşmadır? Bu tərzdə diletant, düşüncəsiz yanaşmaq ciddi bəlalar yarada bilər.

Polis bu cür insanlara qarşı özünün səlahiyyətləri çərçivəsində addım atanda ona qarşı çıxırlar, maskasız insanları müdafiə edirlər. Maskasız insanların daşıdığı virus ölümə aparır. Təsəvvür edin, ölümə qarşı mübarizə aparan polis müdafiə olunmaq əvəzinə qınanıldı”.

Millət vəkili marketlərin birində özünün rastlaşdığı hal barədə də danışıb.

F.Ağamalı söyləyib ki, satıcıdan tibbi maska taxılmasını tələb edərkən, digər müştərilər ona qarşı çıxıb.

“Satıcı xanıma deyirəm ki, niyə maskadan istifadə etmirsən? Cavab verir ki, yeməkdən çıxıb. Mən isə etiraz etdim, amma 60 yaşında qadın, 30 yaşlı oğlan satıcını müdafiə etdi. Başa sala bilmədim ki, bunlar hamısı onların xeyri üçün deyilir”.

Deputat qeyd edib ki, Nazirlər Kabineti yanında operativ qərargahın tələbləri, Milli Məclisin qəbul etdiyi qanunlar ciddi şəkildə həyata keçirilməlidir və heç kimə güzəşt olunmalı deyil.

“Yaranmış vəziyyət onu göstərir ki, Azərbaycanda inzibati yollarla virusa qarşı mübarizəni daha uğurla apara bilərik”, – deyə F.Ağamalı bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 3-də Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında tibbi maskadan istifadə edib.

Bu, hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır. Hər bir vətəndaş öz şəxsi məsuliyyətini hiss etməli, operativ qərargahın tələb və tövsiyələrinə riayət etməlidir.

İnterpress.az