Deputat: “Qazaxıstanın çökməsini istəyən qüvvələrin maraqlarını görürük”backend

Deputat: “Qazaxıstanın çökməsini istəyən qüvvələrin maraqlarını görürük”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qazaxıstanda qiymət artımlarına qarşı başlanan etiraz aksiyaları qlobal hal almağa başladı. Biz görürük ki, proseslər idarəolunmaz hala keçdi. Toqquşmalar nəticəsində hüquq-mühafizə orqanları və mülki insanlar arasında ölənlər var”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Vüqar İskəndərov deyib.

Yanvarın 5-də Təhlükəsizlik Şurasının sədri Nursultan Nazarbayev postunu tərk edib.

Onun bu vəzifədəki səlahiyyətini Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev öz üzərinə götürüb.

Tokayev iğtişaşların yatırılması üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edərək hərbi təşkilatdan yardım istəyib.

Bəzi ekspertlər baş verənləri xarici qüvvələrin təhriki kimi dəyərləndirir, digərləri isə sırf sosial etiraz kimi xarakterizə edir.

Deputat Vüqar İskəndərov düşünür ki, hadisələr qlobal güclər, beyin mərkəzləri tərəfindən diqqətlə izlənilir.

Millət vəkili bildirib ki, maye qazın qiymətlərinin bahalaşması ilə başlanan aksiyalar iğtişaşa çevrilib.

Milli Məclis üzvünün sözlərinə görə, Qazaxıstan hakimiyyəti etirazçıların tələbini nəzərə alsa da, hadisələrin sonrakı gedişatı onu göstərdi ki, bir neçə dövlətin hadisələrdə maraqları var.

“Biz dəfələrlə belə iğtişaşların şahidi olmuşuq. Bunlar uzaq tarixdə olmayıb. Bu cür iğtişaşlardan sonra hansı dövlətdə hansı hadisələrin baş verdiyinin şahidi olmuşuq – qeyri-sabitlik, torpaqların işğalı, insanların maddi durumunun bərbadlığı və sair”, – deyə Vüqar İskəndərov əlavə edib.

Dostluq qrupunun üzvü bildirib ki, Azərbaycan dost Qazaxıstana sülh və əmin-amanlıq arzulayır:

“Biz Qazaxıstanın çökməsini istəyən qüvvələrin maraqlarını görürük. Bunun əlamətləri müşahidə edilir. Bu hadisələrin arxasında hansı dövlətlərin dayandığını konkret adlar çəkərək söyləmək hələ tezdir. Biz hər bir anı diqqətlə izləyirik. Arzumuz budur ki, iğtişaşlara son qoyulsun”.