Azərbaycan Respublikası Milli Məclisinə 2024-cü il sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində avqustun 11-də 70 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizəd VHP sədrinin müşaviri, Azərbaycan-Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının seçicilərlə növbəti görüşü baş tutub.
Bu barədə İnterpress.az-a Tənzilə Rüstəmxanlının seçki qərargahından məlumat verilib.
Görüş Neftçala rayonu Qaçaqkənd kəndində keçirilib. Görüşdə xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı, Tənzilə Rüstəmxanlının vəkili Vətən Müharibəsi Qəhrəmanı, şəhid Camal İsmayılovun anası Filarə İsmayılova, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olumuş ziyalı İbrahim Yusifzadə, kənd sakinləri, ziyalılar, şəhid ailələri və qazilər iştirak edib.
Tənzilə Rüstəmxanlı böyük coşqu və alqışlarla qarşılanıb. Əvvəlcə dövlət himni səsləndirilib, daha sonra çıxışlara yer verilib.
Görüşü giriş sözü ilə açan öncül təhsil işçisi, yazıçı-publisist Rühəngiz Əşrəfqızı Tənzilə xanımın platforması haqqında geniş məlumat verib, “Neftçala üçün birlikdə!” şüarının əhəmiyyətindən danışıb və seçiciləri xalqın sevilən namizədinə – Tənzilə Rüstəmxanlıya səs verməyə çağırıb.
Görüşdə xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı, Tənzilə Rüstəmxanlının vəkili Vətən Müharibəsi Qəhrəmanı, şəhid Camal İsmayılovun anası Filarə İsmayılova, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olumuş ziyalı İbrahim Yusifzadə, təqaüddə olan müəllim Sədəf Nəcəfova xanım namizədin 30 ildən çox olan ictimai fəaliyyətindən, beynəlxalq layihələrin iştirakçısı və təşkilatçısı olmasından söz açıb, Qaçaqkənd sakinlərini seçkilərdə aktiv iştirak edərək xanım namizəd Tənzilə Rüstəmxanlıya səs verməyə çağırıblar.
Daha sonra Tənzilə Rüstəmxanlı çıxış edib. Xanım namizəd əsas olaraq Neftçalada olan qadın problemlərinə, onların işlə təmin olunması, qadın hüquqlarının qorunması və bu kimi digər məsələlərə toxunub, qadınlarımızın cəmiyyətin aparıcı qüvvəsi olduğunu qeyd edib.
Tənzilə xanım bu gün ölkəmizdə qadınlara göstərilən böyük diqqət və qayğıdan söz açıb, Neftçala xanımlarının da bu işlərdən yararlanmalı olduğunu, neftçalalı qadınların, gənclərin mütləq iş yeri ilə təmin olunmalı olduqlarını önə çıxarıb, işsizlik probleminə toxunub.
Tənzilə Rüstəmxanlı Neftçalanın inkişafının əsas mərhələsinin yol məsələsi olduğunu, yolların da dövlətimiz tərəfindən yenidən təmir olunduğunu qeyd edib.
Xanım namizəd seçildiyi təqdirə şəhid ailələrinin və qazilərinin problemləri ilə məşğul olacağını və mütəmadi onların yanında olacağını bildirib.
Tənzilə Rüstəmxanlı söz verib ki, seçiləcəyi təqdirdə Neftçalanın problemlərilə bağlı Milli Məclisdə mütəmadi məsələlər qaldıracaq.
Tənzilə xanım çıxışını “Sizə söz verirəm ki, ən böyük neftçalalı elə mən olacağam, mən sizin üçün sizlərdən biri olacağam” sözləri ilə bitirib.
Sonda kənd sakinləri dinlənilib, qeydlər aparılıb və xatirə şəkilləri çəkilib.