Tarif (qiymət) Şurasının dərman vasitələrinin qiymətlərinin yuxarı həddini təsdiq etməsi əhaliyə dərmanların aşağı qiymətə alınmasına imkan verəcək.
“İnterpress.az” xəbər verir ki, Şuranın bu gün keçirilən növbəti iclasında hazırkı vaxtadək təsdiq edilmiş bütün dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı hədd olaraq tətbiq edilməsi barədə qərar qəbul edib.
Bu qərar qəbul olunanadək dərman vasitələri üçün vahid qiymət tətbiq olunurdu və bütün apteklərdə dərman vasitələri həmin vahid qiymətə satılırdı. İndi isə həmin vahid qiymətlər yuxarı hədd olaraq təsdiq edilib, yəni dərmanlar təsdiq olunmuş qiymətlərdən aşağı qiymətə satıla bilər.
Qəbul edilmiş qərar dərman vasitələrinə əlçatanlığın yaxşılaşdırılmasına, bu sahədə daha əlverişli rəqabət mühitinin yaradılmasına və əhali tərəfindən dərman vasitələrinin tənzimlənmiş qiymətlərdən aşağı qiymətə alınmasına imkan verəcək.
Tariflər bu gündən qüvvəyə minir.
Qeyd edək ki, dövlət başçısının müvafiq Fərmanı ilə “Dərman vasitələri haqqında” qanuna edilmiş dəyişikliklərlə 13 dövlət qurumunun təmsil olunduğu Tarif (qiymət) Şurasına dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddinin təsdiq edilməsi tapşırılmışdı.