Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
“İnterpress.az”ın xəbərinə görə, Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, Z.Sultanov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı sabiq nazir müavini Rafiq Bayramovla birgə saxlanılıb. Daha sonra onlar barəsində başlanan cinayət işi ayrı icraata götürülüb. Z.Sultanova Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il müddətinə azadlıqdan məhrum edilib. Mədəniyyət Nazirliyinin 5 milyon 327 min 900 manatlıq mülki iddiası təmin olunub. Sonradan Bakı Apellyasiya Məhkəməsi həbs müddətini 5 il 6 aya endirib.
Sabiq rəis məhkəmə istintaqı dövründə dövlətə vurduğu 5,3 milyon manat zərəri ödəyib. Belə ki, məbləğin 4 milyon manatı Zakir Sultanovun qardaşı tərəfindən DTX-nin depozitinə köçürülüb. Qalan məbləğin əvəzində isə sabiq rəisin evindən çıxan, bank hesabında olan pullar, ona məxsus qızıl sikkələr, təsbəh, saat bilərzik və s. kimi əşyalar müsadirə edilib.