Öz təqvimindən istifadə edən Şərqi Afrika ölkəsi Efiopiya bu gün 2016-cı ilə girməyə hazırlaşır.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Hər il 11 və ya 12 sentyabrda yeni ili qarşılayan 120 milyon əhalisi olan ölkə bu gün 2016-cı ilə qədəm qoyur.
Bu gün ölkədəki bütün rəsmi qurumlarda Yeni il bayramı olacaq. Baş nazir Abiy Əhməd təbrik mesajında keçən il bir çox çətinliklərin öhdəsindən gəldiklərini ifadə edərək, yeni ildə bütün efiopiyalılara xoşbəxtlik arzulayıb.
Hökumət həmçinin ölkənin ən böyük iqtisadi layihələrindən biri olan Hedasi bəndinin doldurulmasını yeni ilin başlanğıcına uyğunlaşdırıb.
“Enkutataş” kimi tanınan ilin ilk günü yağışlı mövsümün sonu və məhsul yığım dövrünün başlanğıcı hesab olunur.
Qriqorian təqvimindən təxminən 7 il 8 ay geri qalan və günəşə əsaslanan Efiopiya təqvimi dini təqvim olmaqla yanaşı, Efiopiya Federal Demokratik Respublikası tərəfindən bütün rəsmi işlərdə istifadə olunur. Fərqli vaxt sistemindən də istifadə edən Efiopiyada gün 00:00 deyil, 06:00-da başlayır.
Bir gün 12 saatlıq iki fərqli hissədən ibarət olduğu halda, birinci hissə saat 06.00-da, ikinci hissə isə saat 18.00-da başlayır. Efiopiya təqvimində 12 ay 30 gündən ibarət olduğu halda, təqvimdə 12-ci aydan sonra 5-6 gündən ibarət 13-cü ay var. Bu təqvimə görə yeni il sentyabrın 11 və ya 12-də başlayır.