İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə ölkədə geniş yayılmış, əlillik və ölüm riski yüksək olan xəstələrin stasionar şəraitdə cərrahi müalicəsinin qarşılandığını deyib.
İnterpress.az xəbər verir ki, o, bu barədə Agentliyin illik hesabatı ilə bağlı danışarkən deyib.
Agentlik sədri bildirib ki, dövlət tibb müəssisələrində icra olunan əməliyyat və prosedurların sayında illər üzrə artım müşahidə olunur.
“Bu il 358 772 əməliyyat və prosedur icra olunub. Tibb müəssisələri tərəfindən stasionarda cərrahi profil üzrə məlumatların elektron reyestrdə qeydiyyatı və emalı davam edir. Əməliyyatların 74%-i planlı əməliyyatların payına düşüb.
Ən çox icra olunan əməliyyatlar: ginekoloji, gözdə və ürək-damar sistemində aparılanlar olub. Əməliyyatların ən çox icra edildiyi tibb müəssisələri sırasında ilk yerdə Kliniki Tibbi Mərkəz dayanır”, – sədr qeyd edib.