Permdəki yeganə McLaren-in sahibi avtomobilə həbs qoyulduqdan sonra intihar edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
39 yaşlı Aleksey Bulatov tikinti şirkətlərindən birinin baş direktoru olub. O, bir müddət əvvəl heç bir xəbərdarlıq etmədən evdən çıxıb, həyat yoldaşına “qorxaq hərəkət etməyə hazırlaşdığını, amma başqa çıxış yolu olmadığını” bildirən mesaj göndərib.
Tezliklə Bulatovun cəsədi “Dinamo” xizək bazasının ərazisində tapılıb. Kişinin antidepresant qəbul etdiyi məlum olub. O, psixiatrda qeydiyyatda olub.
İş adamı uğur qazandığı dövrdə lüks avtomobillər, o cümlədən Audi A5, Porsche Cayenne, Porsche 911 və BMW X5 əldə edib. Amma onun çox fəxr etdiyi şirkət adına lizinq yolu ilə əldə edilmiş təxminən 20 milyon rubl dəyərində McLaren 720S idi.
KİV-in məlumatına görə, şirkət ötən ildən maliyyə çətinlikləri yaşamağa başlayıb və Bulatov onun hesablarının dondurulacağından ehtiyat edib. Oktyabr ayından etibarən McLaren-i satmaq cəhdləri olub, lakin tələb olmayıb.
Mart ayında avtomobilə həbs qoyulub və qeydiyyatı qadağan edilib ki, bu da kişi üçün son hədd olub. Onun ölümündən sonra şirkətin borcu 64 milyon rubl təşkil edib.
Xuraman Etibarlı
İnterpress.az