“Ermənistandan fərqli olaraq, Azərbaycan həm Qərb platformalarında, həm də Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesi üzrə “3+3” formatında aparılan danışıqlarda diplomatik uğur qazanıb”.
İnterpress.az xəbər verir ki, bunu erməni politoloq Sergey Melkonyan teleqram kanalında yazıb.
Onun sözlərinə görə, “3+3” formatında aparılan danışıqlar regionla bağlı proseslərin müzakirəsi zamanı Qərbin iştirakını istisna edir: “Amma Ermənistan danışıqların Qərb platformalarında aparılmasını fəal şəkildə dəstəkləyir. Əslində, bu da paradoksdur. Çünki Azərbaycan bütün diplomatik uğurlarını məhz Brüssel, Praqa və Qranadada əldə edib. Danışıqların Aİ platformasında aparılması təklifini isə İrəvan irəli sürür. Qərb ölkələrində aparılan danışıqlarda maraqları təmin olunmayan Ermənistan indi isə Azərbaycanın mövqeyinin güclü olduğu Şərq platformasında müzakirələr aparır”.
O əlavə edib ki, Ermənistan “3+3” formatındakı görüşə mövqeyi tamamilə zəif olan tərəf kimi qatılıb.
Qeyd edək ki, bu yaxınlarda Tehranda Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistan xarici işlər nazirlərinin “3+3” formatında görüşü keçirilib. Bu formatda növbəti görüş 2024-cü ilin birinci yarısında Türkiyədə baş tutacaq.