Evdən qaçma hallarının artmasında psixoloji və ailədaxili problemlərin xüsusi rolu – ŞƏRHbackend

Evdən qaçma hallarının artmasında psixoloji və ailədaxili problemlərin xüsusi rolu – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar televiziya kanallarında yayımlanan verilişlərdə qadınların evdən qaçma hallarının artdığının şahidi oluruq. Sanki bu verilişlər bəzi qadınlara maarifləndirmə əvəzinə, daha da “motivasiya” verir, evdən qaçırlar  və aparıcıları özlərinə “arxa” bilirlər.

Buna səbəb nədir, evdən qaçmalar verilişlərin təsiridir, yoxsa qadınlar sərbəstlik istəyirlər, ailə istəmirlər?

Mövzu ilə bağlı İnterpress.az-ın suallarını psixoloq Fidan Azərqızı cavablandırıb.

O bildirib ki, evdən qaçma hallarının artmasında həm fərdi psixoloji faktorlar, həm ailədaxili münasibətlər, həm də sosial-mədəni təsirlər rol oynayır.

“Bu məsələ çoxşaxəlidir və sadəcə bir səbəblə izah edilə bilməz. Evdən qaçma hallarının artmasında həm fərdi psixoloji faktorlar, həm ailədaxili münasibətlər, həm də sosial-mədəni təsirlər rol oynayır. Əsasən qadınlar və yeniyetmə qızlar arasında müşahidə olunan bu hallar müxtəlif səbəblərdən qaynaqlanır.

Qadınlar və yeniyetmələr üçün ev ailə daxilində sevgidən, anlayışdan və az da olsa, sərbəstlikdən məhrum olduqda, özlərini ifadə edə bilmədikdə bu hallar meydana çıxa bilər. Onlar bəzən evdən qaçmaqla öz azadlıqlarını tapacaqlarına inanırlar. Amma bu qərar çox vaxt emosional bir reaksiya, bəzən də son çarə kimi verilir”, – psixoloq qeyd edib.

“Televiziya verilişlərinə gəlincə — bu mövzuların ictimai müzakirəyə çıxarılması, əgər düzgün şəkildə təqdim olunursa, cəmiyyətin problemləri tanıması və maariflənməsi üçün əhəmiyyətlidir. Lakin bəzi hallarda bu verilişlər fərdi və həssas həyat hekayələrini sensasiya yönündə təqdim edir. Bu isə xüsusilə yeniyetmələr üçün təhlükəli model yarada bilər.

Yeniyetmələr hələ formalaşmaqda olan bir şəxsiyyətə sahibdirlər. Onlar qərarlarını çox zaman hisslərlə və anlıq təəssüratlarla verirlər. Əgər mediada birinin “qaçaraq azad olduğu” göstərilirsə, bu, müəyyən yeniyetmələrdə “çıxış yolu” kimi görünə bilər. Halbuki bu yol onların psixoloji rifahı üçün əlavə risklər yarada bilər.

Burada əsas məsuliyyət təkcə mediaya deyil, valideynlərə, müəllimlərə və psixoloqlara da düşür. Biz uşaqların və gənclərin eşidildiyini, anlaşıldığını və seçimlərinin nəzərə alındığını hiss etdirməliyik. Eyni zamanda ailə və cəmiyyət daxilində təhlükəsiz psixoloji mühit yaratmaq çox vacibdir”, – psixoloq fikrini yekunlaşdırıb.

Xuraman Etibarlı

İnterpress.az