ABŞ-nin Filadelfiya şəhərində küçələr “zombi” kimi hərəkət edən narkotik asılıları ilə dolub.
İnterpress.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
ABŞ-nin Pensilvaniya ştatının Filadelfiya şəhərində qorxu filmlərini xatırladan “zombi apokalipsisi” mənzərəsi yaranıb.
Şəhərin bir çox küçə və məhəllələrini qeyri-təbii, qəribə pozalarda donub qalmış minlərlə narkotik asılısı bürüyüb.
Bu dəhşətli vəziyyətin yaranmasının əsas səbəbi şəhər bazarlarına gətirilən olduqca ucuz və son dərəcə təhlükəli sintetik narkotik maddə – fentanil partiyasıdır.
Güclü təsirə malik olan bu sintetik opioid insanda ilk istifadədən dərhal güclü asılılıq yaradır və doza həddinin aşılması zamanı əksər hallarda ölümlə nəticələnir.
Mütəxəssislər qeyd edirlər ki, qara bazarda satılan fentanilin tərkibinə ksilazin (heyvanlar üçün istifadə edilən güclü trankvilizator) kimi digər kimyəvi qatqıların əlavə edilməsi insanlarda ağır dəri xoralarına və ətrafların çürüməsinə yol açır.
Filadelfiyanın bəzi rayonlarında, xüsusən də Kensinqton məhəlləsində vəziyyət kritik həddə çatıb. Yerli hakimiyyət orqanları və səhiyyə departamenti bu fəlakətin qarşısını almaq üçün tədbirlər görməyə çalışsa da, ucuz fentanil qurbanlarının sayı günü-gündən sürətlə artmaqda davam edir.
Xuraman Etibarlı
İnterpress.az






