Aylardır kütləvi etirazlara səbəb olan mübahisəli pensiya islahatı Fransada qüvvəyə minib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Fransada mübahisəli pensiya islahatının həyata keçirilməsi üçün zəruri olan çoxsaylı fərmanlar yayda Rəsmi Qəzetdə dərc olunub.
Pensiya islahatının qüvvəyə minməsi ölkədə aylarla davam edən və milyonlarla insanın iştirak etdiyi nümayişlərə səbəb olub.
Bu gündən pensiya yaşı 2030-cu ilə qədər hər il 3 ay artırılaraq, tədricən 62-dən 64-ə yüksələcək. Belə ki, Ən aşağı pensiya aylıq 1200 avro olub.
Tam pensiya almaq üçün 2027-ci ildə 43 il sığorta haqqı ödəmək lazımdır.
21 yaşından əvvəl işə başlayanlar və ya əlil vətəndaşlar daha tez pensiyaya çıxa biləcəklər.
Fransada martın 16-da hökumətin pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsini səsvermə olmadan qəbul etməsindən sonra kütləvi nümayişlər başlayıb.
Polisin etirazçılarla sərt davranması nəticəsində ölkənin bir çox yerində zorakılıqlar baş verib.
Ölkədə islahat əleyhinə keçirilən aksiyalarda 1000-dən çox insan saxlanılıb.
İslahatın konstitusiyaya uyğun olub-olmadığını müəyyən etmək üçün müxalifət və iqtidarın müraciət etdiyi Konstitusiya Şurası qanun layihəsinin pensiya yaşını 64-ə qaldıran maddəsini təsdiqləyib, 6 maddəni isə tam və ya qismən rədd edib.
Qeyd olunan qanun layihəsi Fransa prezidenti Emmanuel Makron tərəfindən imzalanıb və aprelin 15-də Rəsmi Qəzetdə dərc edilib.