Fransada keçirilən yeni sorğu nəticələrinə görə, ötən ilki seçkilərdə Emmanuel Makronun rəqibi olmuş ifrat sağçı siyasətçi Marin Le Penin ictimaiyyət qarşısında “etibarlılığı” artıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
“Viavoice” şirkətinin Fransanın “Liberation” qəzeti üçün keçirdiyi sorğunun nəticələri göstərib ki, son iki ildə ifrat sağçı Le Pen ictimaiyyətdə daha yaxşı imic qazanıb.
2021-ci ildə aparılan sorğuda iştirakçıların 27 faizi sağçı siyasətçi haqqında müsbət fikir bildirərkən, yeni nəticələrdə bu nisbət yüzdə 37 olub.
Əvvəlki nəticələrə görə, Le Penin “fransızlara faydalı həllər təqdim edə biləcəyini” düşünənlərin nisbəti 8 bal artaraq 44 faizə yüksəlib.
Həmçinin, respondentlərin 42 faizi Le Penin “prezidentliyə uyğun” olduğunu düşündüyünü bildirib. 2 il əvvəlki anket nəticələrində bu nisbət yüzdə 28 olaraq qalmışdı.
Digər tərəfdən, Le Penin Fransanı indiki problemlərdən çıxarmaqda “bacarıqlı” olduğunu düşünənlərin nisbəti 8 bənd artaraq 35 faizə yüksəlib.