Sentyabrın 19-da Füzulidə yol qəzasında həlak olan polis əməkdaşı, 1994-cü il təvəllüdlü Abdullayev Seyfi Fəqan oğlu ilə vida mərasimi keçirilib.
“İnterpress.az” xəbər verir ki, mərhumun cənazəsi bu gün Şamaxı şəhərindəki Cümə məscidinə gətirilib və cənazə namazı qılınıb.
S.Abdullayevin meyiti daha sonra Şamaxı rayonunun Qəleybuğurd kəndinə, mərhumun ata yurduna aparılıb.
Vida mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun hüquq-mühafizə orqanları əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri iştirak ediblər.
S.Abdullayev Qəleybuğurd kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, 29 yaşlı Seyfi Abdullayev 6 ilə yaxın idi polis orqanlarında çalışırdı. Yaxınlarının verdiyi məlumata görə, Seyfi sevdiyi qızla sözlü idi və sentyabrın 22-də, onun doğum günündə Bakı şəhərində nişan mərasimi keçiriləcəkdi.
Xatırladaq ki, sentyabrın 19-da saat 01:00 radələrində Füzuli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi nəticəsində polis serjantları Ələsgər Əsgərov, Seyfi Abdullayev və Rasim Məmmədov həyatını itirib.