Gürcüstanın “Geosky” aviaşirkətinin sərnişin istiqaməti “Georgian Wings” daxili reyslərdən sonra beynəlxalq uçuşlara başlayır.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Belə ki, sentyabrın 6-dan aviaşirkət Tbilisi-Bakı-Tbilisi hava marşrutu üzrə fəaliyyətə başlayacaq.
Uçuşlar həftədə üç dəfə, hər çərşənbə, cümə və bazar günləri həyata keçiriləcək. Biletlər hələ satışda deyil.
Qeyd edək ki, Tbilisi-Batumi-Tbilisi marşrutu üzrə həftədə 12 reys həyata keçirən “Georgian Wings” 70 sərnişin üçün nəzərdə tutulmuş daha bir İtaliya-Fransa istehsalı olan ATR-72 təyyarəsini əlavə edib. Aviaparkın böyüməsi aviaşirkətə daxili regional reyslərdən əlavə sərnişinlərə yeni istiqamətlər və əlavə reyslər təklif etməyə imkan verir.
Xatırlatmaq istərdik ki, “Georgian Wings” iyulun 31-dən etibarən Tbilisi-Batumi-Tbilisi istiqamətində gündəlik reysləri fasiləsiz yerinə yetirir.