NASA tərəfindən qeydə alınan Günəş səthində ardıcıl iki güclü partlayış geomaqnit qasırğasına səbəb olub.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
ABŞ Milli Aeronavtika və Kosmik Agentliyinin (NASA) açıqlamasına görə, birincisi həftə sonu, ikincisi isə bazar ertəsi qeydə alınan günəş püskürmələri “ən şiddətli səviyyə” kateqoriyasında olan X tipli püskürmə olaraq xarakterizə edilir.
Kosmik Hava Proqnozları Mərkəzi (SWPC) qeyd edib ki, partlayışlar günəşdən iki böyük kütlənin atılmasına səbəb olub və geomaqnit qasırğası yaradıb və bunun təsiri Yerdə də hiss olunub.
ABŞ Milli Okean və Atmosfer İdarəsi (NOAA) tərəfindən edilən açıqlamada dünən təsiri ilə Yerə çatan geomaqnit qasırğasının Şimali Amerikanın bəzi bölgələrində kommunikasiyalara mənfi təsir göstərə biləcəyi açıqlanıb.
NASA-nın məlumatına görə, Günəşin səthindəki püskürmələr kosmik gəmilər və astronavtlar üçün təhlükə yaradan güclü enerji dalğaları, həmçinin radiotezliklər, elektrik şəbəkələri və naviqasiya siqnalları yaradır.