Gürcüstan parlamentində təhlükəsizlik gücləndirilib.
İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bugün baş nazir İrakli Kobaxidze deputatların qarşısına interpelasiya formatında çıxır
Məlumata görə, Gürcüstan parlamentində təhlükəsizlik üzrə “sarı səviyyə” aktivləşdirilib. Bununla əlaqədar olaraq parlament binasına giriş müvəqqəti məhdudlaşdırılıb.
Bugünkü iclasda baş nazir İrakli Kobaxidze təhsil islahatları və BƏƏ-nin nəhəng tikinti şirkəti EMAAR Group-un Gürcüstana yönəltdiyi rekord investisiyalarla bağlı deputatların suallarını cavablandıracaq.
Təhlükəsizlik tədbirləri çərçivəsində binaya yalnız akkreditə olunmuş televiziya jurnalistlərinin buraxılacağı bildirilib. Hər media qurumundan isə maksimum üç çəkiliş qrupu daxil ola biləcək.
Eyni vaxtda parlament binası ətrafında müxalifət tərəfdarlarının etiraz aksiyası planlaşdırılıb. Aksiya iştirakçıları baş nazirin çıxışını “səs-küy ilə qarşılayacaqlarını” elan ediblər. Etirazın saat 11:00-da başlaması gözlənilir.
Rəsmi qurumlar təhlükəsizliyin təmin olunması üçün əlavə polis qüvvələrinin cəlb edildiyini açıqlayıb.
Xuraman Etibarlı
İnterpress.az






