“Hansı ölkədə hərbçilər səngərdə dik gəzirlər?” — “Elman Nəsirov nə danışdığını bilmir”backend

“Hansı ölkədə hərbçilər səngərdə dik gəzirlər?” — “Elman Nəsirov nə danışdığını bilmir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Milli Məclisin qeyri-ciddi çıxışlar edən deputatlarını sərt tənqid edib. 

Hafiz Hacıyev Demokrat.az-a açıqlamasında bildirib ki, bəzi deputatlar danışığını bilmirlər:

“Ramiz Mehdiyevə bağlı olan bəzi deputatlar var ki, onlar hər zaman ölkə rəhbərliyinin adına xələl gətiriblər, baş qaxıncı olublar. Bu deputatlar nə hərəkətlərini, nə də danışıqlarını bilmirlər. Çıxış edəndə də xalq içində rüsvay olurlar. Bu cür adamların danışmasındansa danışmaması faydalıdır. Çünki həmin deputatlar çıxış edəndə gülüş hədəfinə çevrilirlər, xalq tərəfindən ələ salınırlar”.

Partiya sədri deputat Elman Nəsirovu da tənqid edib:

“Misal üçün, deputat Elman Nəsirov nə danışdığını bilmir, ağılına gələni söyləyir. Deyir ki, filan adam əyilə-əyilə getdi, filankəs başını qaldırıb dik getdi və sairə. Hansı ölkədə hərbçilər səngərdə dik gəzirlər? Hədəfə çatmaq üçün lazım gəlsə əyilə-əyilə də, sürünə-sürünə də gəzmək olur. Axı bu məntiqdir? Nə gülünc söhbətlərdir? Görünür ki, Elman Nəsirov Azərbaycanda hərbi xidmətdə olmadığına görə səngər qaydalarından xəbərsizdir. İndi kiminsə hesabına gəlib deputat olub və ağızına gələni danışır. Bu gün Milli Məclisdə qeyri-ciddi çıxışlar edən deputatlar təkcə o deyil, onun kimi başqaları da var.

 

Bilirsiniz, bu cür qeyri-ciddi çıxışlar ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu siyasətə xələl gətirir, gözdən salır. Ümumiyyətlə, Elman Nəsirov kimi adamların Milli Məclisdə oturması bu dövlətə başucalığı gətirmir. Bu deputatların hamısı vaxtilə Ramiz Mehdiyevin komandasında təmsil olunublar. Bu gün isə Ramiz Mehdiyev öz komandası ilə ölkə başçısına xəyanət edir. Çox təəssüf ki, onun tör-töküntüsü olan adamlar isə hələdə müəyyən vəzifələr tuturlar”.

H.Hacıyev qeyd edib ki, bu cür qeyri-ciddi çıxışlar edən deputatlar ölkə Prezidentinə xidmət etmək əvəzinə, ona yaltaqlıq edirlər:

“Nə ölkə Prezidenti, nə də xalqımız yaltaq insanları sevmir. Bu deputatlar isə elə sanırlar ki, sanki bununla xidmət etmiş olurlar. Əksinə, onlar xalqın lağ hədəfinə çevrilirlər”.

İnterpress.az