Turizm cənnəti Havayın ən böyük adalarından biri olan Maui tarixdə ən böyük meşə yanğını fəlakətini yaşayır.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Yanğınlarda həyatını itirənlərin sayı 67-yə yüksəlib, yüzlərlə insan itkin düşüb. Alovla mübarizə üç fərqli nöqtədə davam edir. ABŞ-ın turizm cənnəti olan Havay ştatının Maui adasındakı meşə yanğınları hələ də davam edir.
Ada səlahiyyətliləri tərəfindən edilən açıqlamada yanğınlarda həyatını itirənlərin sayının 67-yə yüksəldiyi açıqlanıb.
Ştat tarixindəki ən ölümcül təbii fəlakətdə yüzlərlə insanın itkin düşdüyü bildirilir. Axtarış işlərinin meyit itləri ilə aparıldığı bir vaxtda ölənlərin sayının arta biləcəyi vurğulanıb.
Kolluqlardan qəsəbəyə yayılan Lahaina yanğınının hələ də davam etdiyi, lakin 85 faizinin nəzarət altında olduğu bildirilib. Adada baş verən digər iki meşə yanğınından birinin yüzdə 80, digərinin isə yüzdə 50-nin nəzarət altına alındığı məlum olub.
Adada təbii fəlakət kimi hadisələr zamanı xəbərdar etmək məqsədi daşıyan təcili sirenlərin yanğın zamanı səs vermədiyi iddia edilib.
Havay adaları fəlakət bölgəsi elan edilib.
Maui adasında çərşənbə axşamı başlayan meşə yanğınları Dora qasırğasının təsiri ilə tədricən yayıldığı üçün 14 mindən çox turist təxliyə edilib.
ABŞ prezidenti Co Bayden Havay adalarını fəlakət bölgəsi elan edərək, adaya federal yardımın yolunu açıb.