Həkimlər Türkiyədə dənizkənarı istirahət edənlərə xəbərdarlıq edib.
İnterpress.az xəbər verir ki, bu abrədə “Milliyet” qəzeti İstanbullu həkimlərin açıqlamasına istinadən məlumat yayıb. Bildirilir ki, Mərmərə, Egey və Aralıq dənizi sahillərində Vibrio parahaemolyticus və Vibrio vulnificus bakteriyalarının DNT-si tapılıb.
Həkimlər Türkiyədə dənizkənarı istirahət edənlərə şiddətli ishal, qarın ağrısı, qusma, qızdırma və hətta sepsisə səbəb ola biləcək təhlükəli bakteriyalar barədə xəbərdarlıq edib.
Vibrio bakteriyaları isti və duzlu suda çoxalır. Vibrio cholerae çirkli dəniz suyunu udarkən mədə-bağırsaq traktına daxil ola bilər və ağır ishal və maye itkisinə səbəb olan vəba xəstəliyinə səbəb ola bilər.
Vibrio vulnificus kimi digər növlər dəri ilə təmasda olduqda ölümcül infeksiyalara, o cümlədən nekrotizan fasiitlərə səbəb ola bilər.
Vibrio parahaemolyticus qabıqlı balıqlar vasitəsilə ötürülə bilər və qarın ağrısı, qusma, ishal və qızdırma kimi özünü göstərə bilər.
İmmuniteti zəif olan insanlarda bu infeksiyalar qan dövranına daxil olaraq sepsisə səbəb ola bilər. Bundan əlavə, isti havalarda sərinləmək üçün ziyarət edilən hovuzlarda rotavirus və hepatit A infeksiyalarına çox rast gəlinir.
Uşaqlar xüsusilə risk altındadır.
Xuraman Etibarlı
İnterpress.az