“Hərbi vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar” qanuna görə hərbi hissələrdə smartfon telefonlardan istifadə etmək olmaz.
İnterpress.az xəbər verir ki, bu barədə deputat Müşfiq Cəfərov fikir bildirib.
Deputat qeyd edib ki, bu, dünyanın hər yerində qəbul edilən qaydalardır və beynəlxalq prinsiplərlə, azadlıqlarla ziddiyyət təşkil etmir:
“Belə bir nümunə deyə bilərəm ki, 2016-cı ilin aprel döyüşləri zamanı düşmən Gəncədən statik telefonlardan müxtəlif radioqramları tutaraq efirə qoydular, onu ictimailəşdirdilər ki, guya minlərlə şəhid var. Yəni bu kimi halların qarşısını almaq məqsədi ilə hərbi hissələrə smartfon telefonların keçirilməsi və istifadəsi qanunla qadağandır. Halbuki bu sadəcə iki sadə vətəndaşın arasında olan qeyri-dəqiq mənbəsiz məlumat idi. Düşünürəm ki, bu baxımdan hərbi hissələrdə olan məhdudiyyət yerində verilmiş qərardır”.
Deputat vurğulayıb ki, hərbi sirrin qorunması hər şeydən vacibdir:
“Bu qadağa ilə hərbi hissənin də təhlükəsizliyi təmin olunur. Hər cəhətdən əsgər və hərbçilər diqqətli olmalıdırlar. Kiçik bir ehtiyatsızlıq hər hansı bir hərbi sirrin düşmənə ötürülməsinə səbəb ola bilər. Həmçinin nəinki hərbçi və əsgərlər, eləcə də cəbhə boyu rayonlarda yaşayan vətəndaşlar ehtiyatlı olmalıdır. Tovuz təxribatı zamanı insanların sosial şəbəkələrdə çəkib paylaşdığı video və şəkillər Ermənistan səhifələrində əsl mahiyyətindən fərqli olaraq paylaşılırdı. Həmçinin insanlar bilməlidir ki, bununla özlərinin həyatını təhlükəyə atır və hərbi sirri bilmədən də olsa qarşı tərəfə ötürür. Smartfon telefonların funksiyası ilə asanlıqla hərbçilərin telefonunda olan hərbi əhəmiyyətli məlumatları da ələ keçirmək mümkündür”.
İnterpress.az






