Çin və Hindistan arasında Himalay dağlarında sərhəd münaqişəsinin həllinə dair danışıqların 19-cu raundu öncəsi Hindistan Hərbi Hava Qüvvələri Ladax bölgəsinin şərqinə 68 min əsgər və çoxlu sayda hərbi texnika daşıyıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Çin və Hindistan arasında hərbi səviyyədə davam etməsi gözlənilən görüşdən əvvəl Ladax bölgəsində hərbi aktivlik var.
Hindistan Hərbi Hava Qüvvələri Ladaxın şərqinə böyük miqdarda hərbi texnika, o cümlədən 68 min əsgər, 330 piyada döyüş maşını, 90 tank, bir neçə artilleriya silahı, yerdən havaya idarə olunan silahlar və radarlar çatdırıb.
Hindistan Hərbi Hava Qüvvələri son 3 ildə bölgəyə 9 min ton hərbi texnika daşıyıb.
Hindistan və Çin arasında sərhəd münaqişəsinin həlli üçün 19-cu danışıqların bu ay keçirilməsi planlaşdırılır.
İclasda Hindistanın baş naziri Narendra Modi və Çin sədri Si Cinpinin də iştirakı gözlənilir.
Himalay dağları ilə əhatə olunmuş Çin və Hindistan arasındakı aydın olmayan sərhəd xətti ölkələr arasında suverenlik mübahisələrinə səbəb olur. Çaylar, göllər, buzlaqlar və qarlı zirvələri əhatə edən 3500 kilometrlik sərhəd tərəfləri tez-tez üz-üzə gətirir.
Pekin rəhbərliyi Hindistanın “Cənubi Tibet” adlandırdığı Arunaçal-Pradeş əyalətində 90 min kvadrat kilometr ərazi iddia edib, Yeni Dehli Aksay-Çin yaylalarını əhatə edən 38 min kvadrat kilometr ərazinin Çin tərəfindən işğal edildiyini müdafiə edir.
Tərəflər uzun illərdir ki, suverenlik mübahisələrini həll edə bilmirlər.