Dünən, sentyabrın 1-də Ermənistan silahlı qüvvələri bölmələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu yaralanıb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Ermənistan KİV-inin yazdığına görə isə 2 erməni hərbçi məhv edilib, biri yaralanıb.
Sərhəddə vəziyyətin gərginləşəcəyi gözlənilən idi. Ermənistan diplomatik müstəvidə məğlubiyyətə uğradığını başa düşür. Qarşı tərəf bilir ki, artıq Azərbaycanın yaratdığı reallıqları qəbul etməyə məcburdur. Ona görə də məqsədli şəkildə gərginlik yaradaraq prosesə mane olur.
Əslində bu cür təxribatlar Ermənistanın ziyanınadır. Birincisi, indi Ermənistanın Azərbaycanla ciddi hərbi qarşıdurmaya başlamaq üçün lazımi imkanları yoxdur. Şübhə yoxdur ki, döyüşlər çox çəkərsə, Ermənistanın hərbi sənaye kompleksinə ciddi zərvə dəyəcək. İkincisi, İkinci Qarabağ müharibəsinin nəticələri hələ də Ermənistan cəmiyyətində və siyasi elitasında özünü göstərir. Həlak olan və itkin düşən hərbçilərin valideynləri bu günədək aksiya keçirirlər.
Ermənistanın sabotajları nəticəsində daxili kataklizmlərin daha da güclənəcəyi mümkündür. Müxalifət düşərgəsi isə bundan mövcud hakimiyyət əleyhinə istifadə edəcək. Üçüncüsü, nəzərə almaq lazımdır ki, hələ də sərhədlər müəyyənləşməyib. Deməli, əvvəl də dediyimiz kimi, Azərbaycan düşmənin təxribatlarına cavab olaraq sərhədləri özü müəyyənləşdirə bilər.
Sentyabr ayında hərbi hərəkətliliyin yaranması ilə bağlı gözləntilərin bir səbəbi o idi ki, Vətən müharibəsindən bu yana, demək olar, hər il bu ayda müəyyən əməliyyatlar keçirilib və Azərbaycan hərbi uğurlar qazanıb.
Gərginlik, yəqin ki, bir neçə gün çəkəcək. Döyüşlərin uzun müddət davam edəcəyini düşünmürəm. Amma Azərbaycan ordusu taktiki və strateji uğurlar əldə edəcək. Mühüm nöqtələrin ələ keçiriləcəyini proqnozlaşdırmaq olar. Bunun üçün ildırımsürətli əməliyyata ehtiyac var.
Kənan Novruzov
İnterpress.az