Paris hava limanında termometri fenlə qızdıran şəxs 34 min dollar qazanıb.
İnterpress.az xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.
Fransanın paytaxtı Parisdə maraqlı dələduzluq hadisəsi baş verib. Gənc bir şəxs “Polymarket” platformasında mərc edərək təxminən 34 min dollar (təxminən 57 800 manat) qazanıb.
O, bunu hava limanındakı küçə termometrini fenlə qızdırmaqla həyata keçirib.
Məlum olub ki, mərc platforması uçuş-enmə zolağının yaxınlığında baxımsız qalan məhz bir konkret termometrin göstəricilərinə əsaslanırmış.
Aprelin 15-də gənc havanın temperaturunun gözlənilən 18°C-dən 22°C-yə yüksələcəyinə böyük məbləğdə pul qoyub.
Daha sonra o, termometrə yaxınlaşaraq portativ fen vasitəsilə temperaturu süni şəkildə 22°C-yə qədər qaldırıb.
Temperatur normaya düşənə qədər onun mərc bileti artıq “oynayıb”. Gənc bu sxemi iki dəfə təkrarlayıb. Lakin meteoroloji xidmətdə şübhələr yarandıqdan sonra araşdırma başlayıb.
Nəticədə platforma məlumatları başqa hava limanından götürməyə məcbur olub, həmin termometr isə indi ciddi mühafizə altındadır.
Hazırda təhlükəsizlik xidməti fırıldaqçını axtarır.

Xuraman Etibarlı
İnterpress.az






