İran-İsrail qarşıdurmasından doğan RİSKLƏR – Uzunmüddətli müharibə ola bilər?backend

İran-İsrail qarşıdurmasından doğan RİSKLƏR – Uzunmüddətli müharibə ola bilər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran və İsrail arasında hərbi qarşıdurma Yaxın Şərqdə geosiyasi və təhlükəsizlik risklərini artırıb. Bu münaqişənin daha da alovlanaraq yayılması bəzi dövlətlərin təhlükəsizliyinə mənfi təsir edir.

Qarşıdurmadan doğan risklər və mümkün fəlakətlər barədə İnterpress.az-ın suallarını hərbi jurnalist Səxavət Məmməd cavablandırıb.

O bildirib ki,İran-İsrail münaqişəsində İranın cavab zərbələri gözləniləndən qat-qat artıq oldu.

“Uzun zaman idi ki, İsrail və Amerikanın İranı varacağı ilə bağlı informasiyalar yayılırdı. Sadəcə olaraq, son dönəmlər bu məsələ ciddiləşəndə nüvə danışıqları məsələsini ortaya atdılar.

Əslində düşünürəm ki, bu nüvə danışıqları məsələsi İranın fikrini yayındırmaq və İranı ümumiyyətlə elə bir həddə gətirməkdir ki, İran düşünsün ki, artıq Amerika da, İsrail də İranı vurmayacaq. Mən əvvəllər də həmişə qeyd edirdim ki, hazırlıq prosesi yekunlaşan kimi İranı vuracaqlar. Hazırda biz bunun şahidiyik.

Hava üstünlüyü, şübhəsiz ki, İsrailə məxsusdur. Lakin bəziləri təəccübləndi və hətta ABŞ prezidenti Tramp da dedi ki, biz İranın cavab zərbəsi endirəcəyini gözləyirdik, amma gözlədiyimizdən on qat artıq oldu.

Nəzərə almaq lazımdır ki, İran təxminən 20 ildən çoxdur ki, sırf ballistik raket istehsalı ilə məşğuldur. Ona görə də İran ballistik raketlərlə İsrail ərazilərinə zərbələr endirir”, – jurnalist bilıdirib.

S.Məmməd hesab edir ki, bu münaqişə uzumüddətli müharibəyə gətirib çıxarmayacaq.

“Təbii ki, hər iki ölkə arasında sərhəd olmadığına görə kontaktsız müharibənin şahidi olacağıq, birbaşa döyüş olmayacaq. Ən azından orduların döyüşü olmayacaq.

Nəzərə almaq lazımdır və təbii ki, raketlər və aviasiya vasitələri tükənməz sərvət deyil. Ona görə də bu cür toqquşma təxminən bir həftə, bir qədər də çox davam edə bilər. Amma bu, uzumüddətli müharibəyə gətirib çıxara bilməz.

Çünki belə bir müharibəyə hər iki tərəfin faktiki və fiziki olaraq gücü çatmayacaq. Ona görə də belə düşünürəm ki, bir neçə gün və bir müddət davam edəcək və bundan sonra hansısa bir formada sakitləşəcəklər.

Görünən odur ki, İran təkbaına bu prosesin içərisindədir, mübarizə aparır, hər halda geri addım atmır.

Hesab edirəm ki, İran bir qədər də müqavimət göstərsə, bu məsələ yenidən masa arxasında hansısa bir formada danışıqlarla həll etməyə çalışacaqlar”, – hərbi jurnalist fikrini tamamlayıb.

Xuraman Etibarlı

İnterpress.az