KİV: Türkiyə-İraq əlaqələri güclənirbackend

KİV: Türkiyə-İraq əlaqələri güclənir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə ilə İraq arasındakı əlaqələr yüksək səviyyəli qarşılıqlı səfərlərlə möhkəmlənir.

Bu barədə İnterpress.az qardaş ölkənin mediasına istinadən xəbər verir.

İraqın neft naziri Hayyan Əbdülqəni dünən nazirlik heyəti ilə rəsmi təmaslar etmək üçün Ankaraya gedib.

Nazirlikdən verilən yazılı açıqlamaya görə, Əbdülqəni Ankarada Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar ilə görüşüb və enerji və neft sahəsində əməkdaşlığı müzakirə edib.

İraqın neft naziri Əbdülqəni Ankarada olarkən, xarici işlər naziri Hakan Fidan bu gün Bağdada səfərinə başlayır.

Vəzifəyə gəldikdən sonra ilk dəfə İraqa səfər edəcək nazir Fidan axşam saatlarında iraqlı həmkarı Fuad Hüseynlə görüşəcək. Daha sonra ikili birgə mətbuat konfransı keçirəcək.

Fidan və Hüseyn iyulun 5-də Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər Toplantısı çərçivəsində bir araya gəliblər.

Xarici işlər naziri Fidanın sabah Bağdadda təmaslarını davam etdirəcəyi və İraqın baş naziri Məhəmməd Şia əl-Sudani, prezident Əbdüllətif Rəşid və parlamentin sədri Məhəmməd Halbusi ilə görüşəcəyi gözlənilir. Fidan Bağdadda türkmən icmasının nümayəndələri ilə də görüşəcək.

Fidanın Bağdada səfəri zamanı təhlükəsizlik, ticarət-iqtisadi əməkdaşlıq, eləcə də ikitərəfli münasibətlər məsələlərinin gündəmdə olacağı gözlənilir. Bağdad və Ankara arasında Türkiyənin milli təhlükəsizliyinə təhdid olan terror təşkilatı PKK-nın İraqda olması da müzakirə olunacaq.

Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, aktual regional məsələlər də dəyərləndiriləcək. İraqdan Türkiyəyə neft nəqlinin də bərpa ediləcəyi gözlənilir.

Fidan Bağdad təmaslarından sonra İraq Kürd Regional Rəhbərliyi (İKRG) rəsmiləri ilə görüşmək üçün Ərbilə gedəcək.