“Kreml Türkiyə ilə münasibətləri pisləşdirmək istəmir” – Şərhbackend

“Kreml Türkiyə ilə münasibətləri pisləşdirmək istəmir” – Şərh

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Suriyanın Tel Rıfat, Ayn əl-Ərəb bölgələrində və İraqın şimalında PKK,PYD, YPG terrorçularına qarşı “Pəncə-Qılınc” kod adlı irimiqyaslı hərbi əməliyyatlara başlayıb. Hərəkat İran ilə sərhəddən Aralıq dənizinədək 1000 kilometr uzunluqda və 200-250 kilometr dərinlikdə silahlı və silahsız PUA-lar, komanda-qərargah təyyarələrinin iştirakı ilə həyata keçirilir. Hərəkatda 50-yə yaxın döyüş təyyarəsinin iştirak etdiyi deyilir.

Mövzu ilə bağlı politoloq Turan Rzayev İnterpress.az-a açıqlamasında bildirib ki, hazırda keçirilən antiterror əməliyyatları hərbi hava qüvvələrinin istirakı ilə həyata keçirilsə də mümkündür ki, yaxın günlər ərzində quru əməliyyatı ilə genişlənə bilər. Prinsip etibarilə Türkiyənin quru antiterror əməliyyatları başlaması üçün də əsas var:

“PKK, YPG, PYD terrorçuları Türkiyənin Kilis şəhərindəki Öncüpınar sərhəd-keçid məntəqəsi və Qaziantep şəhərinin Karkamış rayonuna raket zərbələri endirib. Ankara bunu əsas göstərərək quru əməliyyatlarına başlaya bilər. Türkiyə 30 ildən artıqdır ki, ölkədə daxilində və xaricində PKK, YPG, YPG terror təşkilatları ilə mübarizə aparır. Bu mübarizə nəticəsində PKK-ya ölkə daxilində ciddi zərbələr endirilib. Lakin adıçəkilən terror təşkilatları bu gün İraqda, xüsusən də Suriyada xarici qüvvələrin dəstəyi ilə yenidən təşkilatlanır, hətta daha da güclənir. Ankara keçirəcəyi bu əməliyyat ilə PKK, YPG, PYD-nin Şimali İraq və Şimali Suriya qanadlarını strateji nöqtələrini və hərbi obyektlərini məhv edə bilər. Digər tərəfdən, rəsmi Ankara cənub sərhədlərində həm təhlükəsizliyi təmin etmək, həm də suriyalıların geri qaytarılmasını həyata keçirmək üçün 30 kilometrlik təhlükəsiz bölgəni yarada bilər”.

Türkiyənin keçirdiyi “Pəncə-Qılınc” kod adlı irimiqyaslı hərbi əməliyyatlara ABŞ və Rusiyanın səs çıxarmamasına da toxunan politoloqa görə, bunun müəyyən səbəbləri var:

“Hətta Rusiyanın nəzarətində olan hava limanlarından biri Türkiyənin hərbi təyyarələri üçün açılıb. Ankaranın əməliyyatına Rusiya və ABŞ-ın səssiz qalmasının siyasi səbəbləri də va. Rusiya hazırkı geosiyasi şərtlərdə Türkiyə ilə uzlaşmağa məcburdur. Xüsusilə də Ukrayna-Rusiya müharibəsi fonunda Ankaranın əli olduqca güclüdür. Kreml indiki məqamda Türkiyə ilə münasibətləri pisləşdirmək istəmir. Buna görə də Ankaranın Suriya və Ankarada keçirdiyi əməliyyatlara səssiz qalmaqla kifayətlənir.

ABŞ-a gəldikdə isə Vaşinqton yaxşı başa düşür ki, indiki məqamda Türkiyəyə etiraz etmək Ankaranın əlini daha da gücləndirəcək. Məsələ ondadır ki, Türkiyə tərəfi haqlı olaraq Vaşinqtonu Taksim teraktında günahkar görür. Yəni ABŞ bu teraktı birbaşa törətməsə belə açıqca dəstəklədiyi PKK, YPD törədib. Vaşinqton Rusiya ilə gərginlik fonunda Ankaranı küsdürmək istəmir”.