Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin yaradıcısı və lideri Yevgeni Priqojin və qrupun digər mühüm şəxslərinin də olduğu şəxsi təyyarənin qəzaya uğraması barədə danışıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Peskov deyib ki, Priqojinin Putinin göstərişi ilə Rusiya dövləti tərəfindən öldürülməsi ilə bağlı iddialar tamamilə yalandır. Putinin Priqojinin dəfnində iştirak edib-etməyəcəyi ilə bağlı suala cavab verməyin mümkün olmadığını deyən Peskov deyib ki, Putinin təqvimi çox doludur.
“Vaqner”in gələcəyi ilə bağlı açıqlama verməkdən də yayınan Kreml sözçüsü bildirib: “Vaqnerin gələcəyi ilə bağlı heç nə deyə bilmərəm, axı qanuni olaraq belə bir struktur yoxdur”.
Peskovun Vaqnerlə bağlı açıqlamaları qruplaşmanın orduya cəlb olunacağına işarə kimi şərh edilib.
Digər tərəfdən, Priqojinin taleyi ilə bağlı spekulyasiyalar davam edir. Britaniya mediası Britaniya Müdafiə Nazirliyinin rəsmilərinin fövqəladə təhlükəsizlik tədbirləri görməsi ilə tanınan Priqojinin sağ ola biləcəyini düşündüyünü yazıb.
BBC-nin təhlükəsizlik mənbələrinə əsaslanan xəbərinə görə, Vaqner lideri Priqojinin təyyarəsi Rusiya daxili kəşfiyyat xidməti FSB tərəfindən vurulub. Digər tərəfdən Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki, Vaqner qrupu yaşayır və Belarusda yaşamağa davam edəcək.
Lukaşenko Priqojinin təhlükəsizliyini təmin etmək vəzifəsinin olmadığını bildirərək, Priqojinin ondan bu istiqamətdə heç bir tələb irəli sürmədiyini bildirib.