Krım körpüsündəki terror aktı ilə bağlı hökm oxundub. 8 nəfərə ömürlük həbs cəzası verilib. Məhkəmə təqsirləndirilən şəxsləri həmçinin 7 milyard rubl təzminat ödəməyə məcbur edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Rostov-na-Donudakı Cənub Dairə Hərbi Məhkəməsi Krım körpüsündə törədilən terror aktı ilə bağlı iş üzrə səkkiz nəfəri təqsirli bilib.
Məhkəmənin hökmü ilə Artyom Azatyan, Georgi Azatyan, Oleq Antipov, Aleksandr Bılin, Vladimir Zloba, Dmitri Tyajelıx, Roman Solomko və Artur Terçanyan ömürlük həbs cəzasına məhkum ediliblər.
Bundan əlavə, təqsirləndirilən şəxslərin üzərinə ümumilikdə 7 milyard rubl (təxm. 153 milyon man) məbləğində maddi ziyanı ödəmək öhdəliyi qoyulub.
Fiqurantlar terror aktı törətmək, silah və ya partlayıcı maddələrin qanunsuz dövriyyəsində ittiham olunublar. Həmçinin, R.Solomko və A.Terçanyana partlayıcı qurğuların qaçaqmalçılığı ittihamı da irəli sürülüb.
Xatırladaq ki, hadisə 8 oktyabr 2022-ci ildə Kiyevin tapşırığı ilə baş verib. Körpüdə yük maşınının partladılması nəticəsində 5 nəfər həlak olub.
Daha sonra Ukrayna Təhlükəsizlik Xidməti (SBU) terror aktını təşkil etdiyini etiraf edib.
Xuraman Etibarlı
İnterpress.az






