İtaliyada 7 yaşlı uşaq atasının gözü qarşısında hovuzun suaxıdıcı sisteminə sovrulub.
İnterpress.az xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb.
İtaliyadakı kurortlardan birində dəhşətli faciə baş verib. Valideynləri və dostları ilə istirahətdə olan 7 yaşlı Qabriele Petruççi hovuzda olarkən faciəvi şəkildə həlak olub. Uşağın atası Antonello bildirib ki, cəmi bir saniyəlik əşyalarını yerə qoymaq üçün başını çevirib və geri baxanda övladını görməyib. Ata tezliklə oğlunun cəsədini borunun içərisində aşkar edib.
İstintaq şok təfərrüatları üzə çıxarıb. Məlum olub ki, diametri təxminən 30-40 sm olan borunun üzərində qoruyucu barmaqlıq olmayıb. Fövqəladə hallar nazirliyinin əməkdaşları və dalğıclar kommunikasiya sisteminin bir hissəsini sökdükdən sonra uşağın cəsədini bir neçə saatdan sonra çıxara biliblər. Mərhumun atası iddia edir ki, kurort rəhbərliyi hadisədən dərhal sonra izləri ört-basdır etməyə çalışıb və qoruyucu barmaqlıq yalnız hadisə baş verdikdən sonra yerinə quraşdırılıb.
Hazırda hadisə ilə bağlı kurortun rəhbərləri və təhlükəsizliyə cavabdeh şəxslər barəsində cinayət işi başlanılıb.

Xuraman Etibarlı
İnterpress.az






