İngiltərə ilə Fransa arasında La-Manş boğazında nizamsız miqrantların olduğu qayığın batması nəticəsində 6 nəfər həyatını itirib, 50-dən çox adam xəstəxanalara aparılıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, nizamsız miqrantları daşıyan qayıq yerli vaxtla saat 04:00 radələrində Fransanın Cap Gris Nez bölgəsi yaxınlığında batıb.
Britaniya sahil mühafizə gəmiləri axtarış-xilasetmə işləri üçün bölgəyə hərəkət edib. Bölgədə axtarış-xilasetmə işləri Fransa gəmiləri və helikopterləri ilə aparılıb.
İlkin məlumata görə, hadisə nəticəsində 6 nəfər ölüb.
Qərargahı Fransada olan mülki xilasedici qayıq təşkilatları biri qadın olmaqla 54 nəfərin xilas edildiyini və qayığın çox sıx olduğunu bildirib.
Xilas edilən qeyri-qanuni miqrantların bəziləri Fransanın Kale şəhərində, bəziləri isə İngiltərənin Dover şəhərindəki xəstəxanalara köçürülüb.
Böyük Britaniya ilə patrul müqaviləsindən sonra Fransa qeyri-qanuni miqrantların qarşısını almaq üçün sahildə patrul fəaliyyətini 40 faiz artırıb.
Böyük Britaniya 2018-ci ildən bəri Manş boğazı vasitəsilə ölkəyə 100 min qeyri-qanuni miqrantın daxil olduğunu, ilin əvvəlindən isə avqustun 10-na bu rəqəmin 15 min 826 nəfər olduğunu açıqlayıb.
Təkcə avqustun 10-da adaya qeyri-qanuni yollarla 755 nəfərin gəldiyi müəyyən edilib və bu rəqəm 2023-cü ildə ən yüksək nizamsız immiqrant girişi olaraq qeydə alınıb.