Laçın postunda saxlanılan Vaqif Xaçaturyan kimdir?backend

Laçın postunda saxlanılan Vaqif Xaçaturyan kimdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Laçın postunda saxlanılan Xocalı qatili Vaqif Xaçaturyan 1996-97-ci ilərdə separatçıların qondarma “müdafiə naziri” Samvel Babayanın sürücüsü olub”.

İnterpress.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı bildirib.

Onun sözlərinə görə, bu şəxs I Qarabağ müharibəsində azərbaycanlılara qarşı soyqırımılarda birlikdə iştirak ediblər, daha sonra Babayan “nazir” olanda onu sürücüsü edib:

“Xaçaturyanın həbs edilməsini Xocalı qatillərinin ədalət qarşısına çıxarılması prosesinin başlanması hesab edilə bilər. Ötən ay erməni mediası iddia edirdi ki, Azərbaycanın əlində hazırda Qarabağda qalmış 500 erməni hərbçinin adının daxil edildiyi siyahı var. Siyahıda adı olanlar azərbaycanlılara qarşı soyqırımılarda iştirak edənlər, eləcə də 44 günlük müharibədə döyüşənlərdir. Siyahıya bir çox erməni general və komandir də daxildir. Bu şəxslər Laçın postundan keçmək istəsə, həbs olunacaqlar, Xaçaturyan həbs olunduğu kimi”.

“Soyqırımı aktlarına komandirlik edənlərin xüsusi əməliyyatla zərərsizləşdirilməsi, yaxud həbs olunaraq, Bakıya gətirilməsi mümkün variantlardan biridir”, – politoloq əlavə edib.

Qeyd edək ki, Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan şəxslərdən biri saxlanılıb. Keçirilmiş axtarış tədbirləri nəticəsində 29 iyul 2023-cü il tarixdə Vaqif Xaçaturyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

Baş Prokurorluqdan bildirilib ki, qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 22 dekabr 1991-ci il tarixdə Xocalı rayonunun Meşəli kəndində Azərbaycan milliyətindən olan şəxslərin soyqırımı, deportasiyası, kənd sakinləri və dövlətə məxsus çoxsaylı əmlakı məhv etmə və zədələməklə külli miqdarda maddi ziyanın vurulması faktları üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Azərbaycan Respublikasının Prokurorluq orqanları tərəfindən başlanmış cinayət işinin istintaqı davam etdirilir.