Laçında Zirvə görüşü: “Üç dövlətin beynəlxalq aləmdə izlədikləri hədəf daha böyük və qlobaldır” – ŞƏRHbackend

Laçında Zirvə görüşü: “Üç dövlətin beynəlxalq aləmdə izlədikləri hədəf daha böyük və qlobaldır” – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən, 28 May – Müstəqillik günündə Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi baş tutub. Mərasimdə İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər.

Daha sonra Laçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Zirvə görüşü keçirilib.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Zirvə görüşü Azərbaycanın Müstəqillik Günündə, erməni işğalından azad edilmiş Laçında keçirilib.

“Bunun böyük rəmzi mənası var. Bugünkü Zirvə görüşü sayca ikincidir. Keçən ilin iyulunda Azərbaycan-Türkiyə-Pakistan birinci Zirvə görüşü keçirilmişdir. Əminəm ki, biz bu ənənəni davam etdirəcəyik”, Prezident qeyd edib.

Mövzunu İnterpress.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov şərh edib.

“Əlbəttə Pakistan, Türkiyə və Azərbaycan dövlət başçılarının Azərbaycanda bir araya gəlmələri həm regionun, həm də ayrı-ayrılıqda bu dövlətlərin siyasi həyatında önəmli hadisədir.

Hər üç dövlətin indiki məqamda birlikdə olmaları yeni qlobal nizam və bu dövlətlərin beynəlxalq sahədə təhlükəsizliklərini təmin etmək zərurətindən doğur. Əslinə qalanda bu dövlətlərin strateji əməkdaşlıqları zamanın sınağından çıxıb və onlar arasında münasibətlər hər keçən gün daha da möhkəmlənir.

Bu görüşün Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun Ermənistana səfərinə cavab kimi qiymətləndirənlər var. Amma düşünürəm ki, Lavrovun səfəri təkcə Azərbaycanı və Cənubi Qafqazda gedən prosesləri əhatə edirdisə, Qarabağdakı görüşün hədəfləri həm region, həm də qlobal səviyyədə baş verən prosesləri özündə əks etdirir.

Məhz buna görə də 3 ölkə liderinin birlikdə olmalarının daha geniş məzmun daşıdığını düşünürəm. Lavrovun regiona səfəri Qarabağda keçirilən görüşün hədəf aldığı sadəcə kiçik bir elementdir.

Bu üç dövlətin beynəlxalq aləmdə izlədikləri hədəf daha böyük və daha qlobaldır”, – politoloq bildirib.

Xuraman Etibarlı

İnterpress.az